Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Yeni Azərbaycan Partiyasından çıxarılıb.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Trend-ə bildirib ki, sabiq millət vəkilinin partiya üzvlüyündən çıxarılması barədə qərar YAP-ın Yasamal rayon təşkilatının Zahid Xəlilov, 23 ünvanında yerləşən ilk ərazi təşkilatının dekabrın 14-də keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.
Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.