Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Mehdiyev/
Rumıniyanın Azərbaycandakı səfirliyi növbəti - üçüncü dəfə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi təyin olunub.
Trend-in məlumatına görə, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib ki, ölkəsinin növbəti iki il üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi təyin olunması ötən dövrdə əlaqələndirici kimi Azərbaycan ilə səmərəli əməkdaşlığın nəticəsidir.
Səfir qeyd edib ki, ölkəsi 3-cü mandatlıq zamanı NATO-nun dəyərləri və prinsipləri üzərində cəmləşən konfranslar və seminarlar təşkil etmək niyyətindədir.
O, həmçinin vurğulayıb ki, bu müddət ərzində səfirlik Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Strateji Araşdırmalar Mərkəzi, ANAMA və digər QHT-lər, ali təhsil mərkəzləri və media ilə əməkdaşlığı davam etdirəcək.
Çiobanu bildirib ki, Rumıniya Azərbaycanın NATO ilə əməkdaşlığını, xüsusən də terrorizmə qarşı mübarizədə rolunu yüksək dəyərləndirir.
O qeyd edib ki, NATO ilə Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır və bu əlaqələr növbəti illərdə daha da güclənəcək.