...

Hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir

Siyasət Materials 13 Fevral 2013 15:50 (UTC +04:00)
Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etdi və yekun nitqi söylədi, respublikada olan vəziyyətlə bağlı müzakirələr apardı. Olan nöqsanları göstərdi və bunların aradan qaldırılması üçün tapşırıqlarını verdi.
Hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir

Arzu Nağıyev-Trend-in icmalçısı

Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etdi və yekun nitqi söylədi, respublikada olan vəziyyətlə bağlı müzakirələr apardı. Olan nöqsanları göstərdi və bunların aradan qaldırılması üçün tapşırıqlarını verdi.

Nitqdəki bir sıra məqamlara nəzər salsaq, narahatlıq doğuran bəzi problemlər və onların həlli istiqamətində atılacaq addımları Prezident belə səciyyələndirdi:

- Sahibkarlığa dəstək;

- İnsan amili, insan kapitalı;

- Hər bir dövlət məmurunun öz vəzifə borcunu şərəflə yerinə yetirməsi və təvazökarlığı;

- Vəzifəli şəxslər və məmur övladlarının qanunsuz hərəkətləri;

- Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə;

- Hər bir vətəndaşın ölkənin inkişafı üçün səmərəli işləməsi.

Məlumdur ki, ölkədə quruculuq işləri böyük sürətlə gedir, müxtəlif makrolayihələr həyata keçirilir. Bunların icraçıları isə eyni zamanda yerli sahibkar və iş adamlarıdır. Prezident bu məsələni xüsusi vurğuladı: "Mən bir daha demək istəyirəm ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".

Həqiqətən də bu gün mövcud olan resurs və kapital vasitəsilə regionlarda quruculuq işlərini daha sürətlə davam etdirmək mümkündür.

İkinci problemə nəzər yetirən Prezident öz çıxışında qeyd etdi ki, "insan amili, insan kapitalı. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhqir edilməməli, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?!"

Prezidentin bu ifadələri bir daha onu göstərir ki, siyasətinin prioritet istiqaməti Azərbaycan xalqının rifahına, problemlərinin yüksək səviyyədə həllinə yönəlib və Prezident üçün Azərbaycanın adi bir vətəndaşının hüquqları istənilən bir məmurun səlahiyyətlərindən dəfələrlə üstündür.

Bununla bağlı Prezident öz çıxışında xüsusi vurğuladı: "Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır".

Məlumdur ki, bəzi məmur və onların övladlarının yerli əhaliyə qarşı tutduğu neqativ mövqedən də söhbət gedir və Prezidentin bir sıra məmurlara, onların övladlarına ünvanladığı xəbərdarlıqlar bu cür hallara qarşı qətiyyətlə mübarizə aparılacağına işarədir və bütün icra strukturlarında işləyənlər üçün çox ciddi xəbərdarlıqdır.

Prezident çıxışında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməli olduğunu da vurğuladı.

Prezident çox düzgün olaraq ən ümdə məsələni qaldırdı: kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir.

İlham Əliyevin Azərbaycan vətəndaşlarının da böyük əksəriyyətinin dəstəklədiyi bu çıxışı ölkənin müxtəlif dairələrində də ciddi müzakirə mövzusuna çevrilib. Bu çıxışdan sonra lazımi addımlar yəqin ki atılacaq və harın məmurlar cəzalandırılacaq və çıxış öz müsbət effektini verəcək. Əsas məsələ də budur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti