...

Mübariz Qurbanlı: YAP müxalifətlə dialoqa açıqdır

Siyasət Materials 28 Mart 2013 15:33 (UTC +04:00)
Azərbaycanda dialoq mühiti var və biz buna açığıq. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: YAP müxalifətlə dialoqa açıqdır

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dialoq mühiti var və biz buna açığıq. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

"Müxalifət dialoq dedikdə nəyi nəzərdə tutduğunu açıqlasaydı, biz bilərdik ki, onlar nəyi nəzərdə tutur. Onlar dialoq deyəndə bəzən yüksək dövlət rəhbərləri ilə bir masa arxasında oturmağı ifadə edirlər", - Qurbanlı deyib.

O qeyd edib ki, dialoq bir prosesdir, mühitdir və Azərbaycanda dialoq mühiti mövcuddur.

Qurbanlının fikrincə, dialoq mühitinin mövcud olmasının göstəricisi mətbuatda hər iki tərəfin, yəni müxalifətin və iqtidarın müəyyən mövzu ilə bağlı fikir mübadiləsi aparmasıdır, parlamentdə müzakirələr aparmasıdır.

"Bu, dialoq mühitidir. Amma konkret məsələlərlə əlaqədar görüşlərin keçirilməsinə gəldikdə isə Yeni Azərbaycan Partiyası dəfələrlə bildirib ki, bunun üçün bizim qapılarımız açıqdır, istənilən siyasi partiya bizə istənilən mövzuda müraciət edərək bizimlə bunu müzakirə edə bilər", - Qurbanlı deyib.

Onun sözlərinə görə, yox, əgər konkret olaraq radikal müxalifət yalnız və yalnız hansısa dövlət rəhbərliyində olan yüksək vəzifəli şəxslə bir masa arxasında söhbət aparmağı dialoq hesab edirsə, bu, dialoq deyil, ikitərəfli görüşdür.

"Dialoq bir mühitdir və biz də buna açığıq. Misal üçün Ramil Səfərovun Azərbaycana qayıtmasından sonra Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqedən çıxışlar edilirdi. Buna etiraz olaraq, biz 18 partiyanın nümayəndəsi ilə Yeni Azərbaycan Partiyasının qərargahında görüşüb, müzakirələr aparıb bir sənəd imzaladıq və Avropa Parlamentinə göndərdik. Bundan əvvəl də Qarabağla, erməni təxribatları ilə əlaqədar birgə sənədlər imzalayıb göndərmişik. Bu, dialoqun göstəricisidir. Yəni dialoq odur ki, konkret mövzu müəyyənləşdirilir və bunun ətrafında fikir mübadiləsi aparılır", - Qurbanlı deyib.

O bildirib ki, bəzi dairələr dialoq sözünü istismar etməkdədir. "Bəzən müxalifətin sadəlövh və bəsit yanaşmasını görürəm. Misal üçün, fikirləşirlər ki, Prezident Administrasiyasının rəhbəri ilə oturub söhbət etmək dialoqdur. Nəyə görə sizin partiyanızın konkret görüşü dialoq sayılır? Bəs digər partiyalar bir araya gəlir, söhbət edir. Bu, dialoq deyil? Hətta konstruktiv və qeyri-konstruktiv müxalifət partiyalarının özlərinin də bir araya gəlməsi dialoq mühitidir", - Qurbanlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti