Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/
Ermənistanda Raffi Ovannisyanın apardığı siyasət, ilk növbədə, hökumətdə müəyyən dərəcədə təmsil olunmağa yönəlmiş, eyni zamanda, müxalifət cəbhəsində öz liderliyini qoruyub saxlamağa hesablanmış addımdır. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistanda prezident seçkilərinin rəsmi nəticələrinə görə məğlub olan "İrs" partiyasının sədri Raffi Ovannisyan bu seçkilərinin nəticələri ilə barışmır və onları tanımır. Buna baxmayaraq, artıq aprelin 9-da prezidentin inauqurasiya mərasimi keçiriləcək. Lakin böyük dövlətlər və beynəlxalq qurumlar artıq hazırkı dövlət başçısı Serj Sarkisyanı prezident kimi tanıyıblar. Hətta Sarkisyanın bir neçə xarici səfəri də planlaşdırılıb. Bu yaxınlarda isə İrəvan şəhərində Ağsaqqallar Şurasına seçkilər keçiriləcək. İrəvan rəhbərliyi də məhz Ağsaqqallar Şurasında seçilir. Bu seçkilərdə Ovannisyan və onun tərəfdarları bu və ya digər dərəcədə hakimiyyətdə təmsil olunmaq niyyətindədirlər.
"Lakin Ovannisyana hər hansı nazir postu və ya bölgə qubernatoru vəzifəsinin verilməsi inandırıcı deyil, amma ona elə bir şərait yaradılacaq ki, Levon Ter-Petrosyan və digər müxalifət liderlərinə nisbətən onların daha çox imkanları olsun. Çünki Raffi Ovannisyanı digərlərinə nisbətən məğlub etmək daha rahatdır", - Məmmədov qeyd edib.
Ermənistandan Dağlıq Qarabağa hava reyslərinin açılması haqqında səslənən bəyanatlara gəlincə, SAM direktoru bildirib ki, bu cür bəyanatlar artıq uzun müddətdir səslənir. Ancaq Beynəlxaq Mülki Aviasiya Təşkilatının da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də bu məsələ ilə bağlı prinsial mövqeyi var ki, onlar bu uçuşlara qarşıdırlar. Çünki bu uçuşlar sülh məqsədli deyil və bölgədə proseslərin eskalasiyasına gətirib çıxara bilər. Ona görə də istər humanitar, istərsə də digər məsələləri nəzərə almadan bu uçuşların həyata keçirilməsi mümkün olmayacaq.