...

"Heydər Əliyev mənim həyatımda" kitabının iki cilddən ibarət yeni variantının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 3 May 2013 16:42 (UTC +04:00)
"Azərbaycan" qəzetinin hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın iki cilddən ibarət yeni variantının cümə günü təqdimat mərasimi keçirilib.
"Heydər Əliyev mənim həyatımda" kitabının iki cilddən ibarət yeni variantının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

"Azərbaycan" qəzetinin hazırladığı "Heydər Əliyev mənim həyatımda" adlı kitabın iki cilddən ibarət yeni variantının cümə günü təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, qəzetin "Azərbaycan qədər əbədi" silsiləsindən nəşr etdirdiyi və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi bu kitab 8 il öncə işıq üzü görən eyniadlı kitabın təkmilləşdirilmiş ikicildli nümunəsidir.

Qeyd edək ki, yeni kitabın məsləhətçisi və "Ön söz"ün müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun redaktoru olduğu kitabın buraxılışa məsulu "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur.

Kitabın hər cildi 7 fəsildən ibarətdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini - icraçı katibi Əli Əhmədov kitabın təqdimat mərasimində bildirib ki, bu günlər Azərbaycan vətəndaşları bütün ölkə ərazisində Heydər Əliyevin doğum gününü qeyd etməklə, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan Heydər Əliyev siyasətini dəstəkləyirlər.

Əhmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyev haqqında yazılan hər bir kitabın məqsədi onun Azərbaycanın rifahına yönələn fəaliyyətini gələcək nəsillərə ötürməkdən ibarətdir. Əhmədov vurğulayıb ki, kitabda Heydər Əliyev haqqında xatirələr, ümummilli liderin Azərbaycan tarixindəki xidmətləri öz əksini tapıb. Azərbaycandakı inkişafdan bəhrələnən, gələcəyinə inamla baxan hər bir vətəndaşın həyatında Heydər Əliyev iz buraxıb. Hələ uzun illər azərbaycanlılar Heydər Əliyevin əsasını qoyduğu siyasətin həyata keçməsinin bəhrələrini görəcəklər, bizim həyatımız Heydər Əliyevin gətirdiyi bəhrələr sayəsində daha da gözəlləşib.

Baş nazirin müavini Əli Həsənov isə çıxışında bildirib ki, kitabda 74 müəllifin fikirləri, təəssüratları, məqalələri dərc olunub.

"Azərbaycan dövləti nə qədər yaşayacaqsa, Heydər Əliyev də insanların qəlbində yaşayacaqdır. Kitabda da Heydər Əliyevin böyük azərbaycanlı olması bir daha öz təsdiqini tapır", - Həsənov deyib.

Baş nazirin müavini vurğulayıb ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyəti barədə müxtəlif sahələrin nümayəndələri öz fikirlərini yazıblar.

"Heydər Əliyev ölkədə hakimiyyətə gələn kimi Azərbaycanın gələcəyi, onun gəncliyinin gələcəyi barədə düşündü, 15 min gənci SSRİ-nin müxtəlif yerlərində təhsil almağa göndərdi", - Həsənov bildirib.

Əli Həsənov həmçinin qeyd edib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycana siyasi hakimiyyətə gəlməsi ilə ölkənin parçalanmasına son qoyuldu. O deyib ki, məhz ümummilli lider xarici investorların Azərbaycana cəlb olunması üçün təminatçı olub. Həsənov vurğulayıb ki, Heydər Əliyev siyasəti bundan sonra hələ uzun illər davam edəcək.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov təqdimatda bildirib ki, hər bir azərbaycanlı "Heydər Əliyev mənim həyatımda" mövzusunda fikirlərini bölüşə bilər. Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün o qədər əziz, önəmlidir ki, onun haqqında xatirələr bitməz. Heydər Əliyev SSRİ dövründə Azərbaycanı bütün İttifaqa tanıtdı.

Heydərovun sözlərinə görə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə ölkənin milyonlarla qaçqın, köçkün və bir çox problemləri var idi və o, belə bir vəziyyətdə xalqın xilaskarı oldu.

Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov tədbirdə bildirib ki, ümummilli lider Heydər Əliyev daima SSRİ-nin müxtəlif yerlərində təhsil alan gənclərlə maraqlanırdı, onların problemlərinin həllinə diqqət ayırardı. Əmiraslanov qeyd edib ki, Heydər Əliyev daima Azərbaycan səhiyyəsinin səviyyəsinin artırılmasına səy göstərib.

"Heydər Əliyev ona dönük çıxan, müxalifətdə olan şəxslərin də səhhətində yaranmış problemlərlə maraqlanırdı. Mənim sahəm üzrə xəstələnən belə şəxslərə dəfələrlə xaricdən dərman vasitələri gətizdirib, baxmayaraq ki, onlar əks mövqedə dayanırdılar", - Əmiraslanov deyib.

Təqdimat digər millət vəkillərinin çıxışları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti