...

Samir Şərifov: 2012-ci il dövlət büdcəsi Azərbaycanda makroiqtisadi sabitliyin saxlanmasına şərait yaradıb (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 23 May 2013 17:28 (UTC +04:00)
Milli Məclisin İqtisadi Siyasət komitəsinin cümə axşamı keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Samir Şərifov: 2012-ci il dövlət büdcəsi Azərbaycanda makroiqtisadi sabitliyin saxlanmasına şərait yaradıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:23-də yayılıb)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin İqtisadi siyasət komitəsinin cümə axşamı keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, komitənin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub.

Onun sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan hökuməti dövlət büdcəsinin icrasını uğurla yerinə yetirib: "Büdcənin icrası ölkənin iqtisadi həyatının ahəngdarlığından xəbər verir".

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2012-ci ildə dövlət büdcəsinin icrası makroiqtisadi sabitliyin saxlanması, əhalinin pul gəlirlərinin artması, dövlətin iqtisadi qüdrətinin artmasına şərait yaradıb.

O qeyd edib ki, əhalinin gəlirlərinin artım sürəti inflasiyanı bir neçə dəfə üstələyib: "Ölkənin valyuta ehtiyatlarının səviyyəsi ötən il 14 faiz artaraq 46,5 milyard ABŞ dolları təşkil edib. 2012-ci ildə icmal büdcənin gəlirləri 102,3 faiz, xərcləri 96 faiz çox olub. 2,3 milyard büdcənin profisiti olub ki, bu da proqnozlaşdırılandan 2,4 dəfə çoxdur".

Şərifov vurğulayıb ki, 2012-ci ildə dövlət büdcəsinin gəlirləri 17,282 milyard manat, icrası isə 101,4 faiz təşkil edib. Bu da 2011-ci ilə nisbətən 1,581 milyard manat və ya 10,1 faiz çoxdur: "Ölkə ÜDM-də büdcə gəlirlərinin payı 32 faiz təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 1,9 faiz çoxdur. Nəqliyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 101,9 faiz və ya 6,026 milyard manat yerinə yetirilib ki, bu da 2011-ci illə müqayisədə 544 milyon manat (və ya 10,1 faiz) çoxdur. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 5,9 faiz illik artımla 100,7 faiz və ya 1,208 milyard manat təşkil edib. Dövlət Neft Fondundan transfertlər proqnozlaşdırılan səviyyədə - 9,905 milyard manat icra olunub".

Onun sözlərinə görə, 2012-ci ilin yekunları üzrə dövlət büdcəsinin digər gəlirləri 1,6 faiz artımla 143 milyon manat təşkil edib: "Dövlət büdcəsinin icrası çərçivəsində 2012-ci ildə vətəndaşların sosial vəziyyətinin maliyyələşdirilməsi - pensiya, əməkhaqqı, maddi yardımlar və b. daxil olmaqla bütün nəzərdə tutulmuş layihələrin sabit maliyyələşdirilməsi həyata keçirilib".

Şərifov həmçinin bildirib ki, dövlət büdcəsinin xərcləri proqnozun əksinə olaraq 98,6 faiz və ya 17,417 milyard manat yerinə yetirilib. Bu da 2011-ci ilin göstəriciləri ilə müqayisədə 2,019 milyard manat (və ya 13,1 faiz) çoxdur.

Nazir bildirib ki, büdcə xərclərinin 53,3 faizi (9,278 milyard manat) cari xərclərə, 45,5 faizi (7,926 milyard manat) əsas xərclərə, 212 milyon manat isə büdcənin bütün xərclərinin cəmi 1,2 faizini təşkil edən dövlət borclarına xidmət göstərilməsinə ayrılıb.

Onun sözlərinə görə, ötən il Azərbaycan yolların tikintisinə, su, sosial, infrastruktur və digər layihələrin həyata keçirilməsinə cəlb edilmiş vəsaitlərin 1 milyard manatını xərcləyib: "Azərbaycan ölkənin dövlət büdcəsi hesabına investisiya layihələrinin maliyyələşdirilməsinin yeni prinsipinə keçib. Yeni prinsip beynəlxalq maliyyə-kredit təşkilatları ilə investisiya layihələrinin birgə maliyyələşdirilməsini nəzərdə tutur ki, bu da onların dövlət büdcəsi hesabına maliyyələşdirilməsi üçün vəsaitlərin bir hissəsinin təqdim edilməsi, digər hissəsinin isə beynəlxalq maliyyə təşkilatları hesabına təqdim edilməsi anlamına gəlir".

Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycan büdcəsinin ehtiyat fondundan bir sıra sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə 300 milyon manat ayrılıb.

Şərifov bildirib: "Bu vəsaitlər ölkənin şəhər və regionlarının abadlaşdırılmasına, kəndlər arasında yolların tikintisinə və digər sosial əhəmiyyətli layihələrə ayrılıb. Ötən ilin yekunları üzrə ehtiyat fondundan planlaşdırılmayan layihələrə 838 milyon manat xərclənib".

Şərifov qeyd edib ki, 2012-ci il büdcəsinin defisitinin 638 milyon manat səviyyəsində proqnozlaşdırılmasına rəğmən, iqtisadiyyat və büdcə defisitinin maliyyələşdirilmə mənbələrinin tam istifadə olunmaması 135 milyon manat həcmində defisitin formalaşdırılmasına səbəb olub: "Dövlət büdcəsinin defisitinin həcmi cəmi ÜDM-in 0,3 faizini təşkil edir ki, bu da proqnozdan 1,1 faiz azdır".

Onun sözlərinə görə, 2013-cü il yanvarın 1-nə xəzinənin qalığı 465 milyon manat təşkil edib ki, bu məbləği də 2013-cü il büdcəsinin mümkün defisitinə, həmçinin dövlət borclarına xidmət göstərilməsi xərclərinə yönəltmək planlaşdırılır.

Nazir deyib: "Bununla bağlı deputatlardan bu təklifi dəstəkləməyi və 2013-cü il büdcəsinin qalıqlarından istifadə etməyə icazə verməyi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti