Azərbaycan, Bakı, 30 avqust /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.
Yeni xəstəxananın istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev burada ən müasir tibbi avadanlığın quraşdırıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, mövcud şərait bu xəstəxanada yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir.
Həkim Nuranə Qəribova tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına göstərdiyi diqqət və qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.
Sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.