...

Azərbaycanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq mövzusunda açıq müzakirələr aparılıb

Siyasət Materials 24 Oktyabr 2013 10:05 (UTC +04:00)
Azərbaycanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib.
Azərbaycanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq mövzusunda açıq müzakirələr aparılıb

Azərbaycan, Bakı, 24 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib. Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Yaxın Şərq sülh prosesində baş verən yeniliklər barədə məlumat verib. Müzakirələrdə Fələstin, İsrail və Təhlükəsizlik Şurasının 15 üzvü də daxil olmaqla 60-a yaxın dövlətin nümayəndəsi çıxış edib.

Müzakirələrdə İsrail-Fələstin danışıqlarının davam etməsinin və tərəflərin danışıqların aparılmasına sadiq qalmasının vacibliyi vurğulanıb, Suriyada davam edən münaqişənin bütün region üçün təhdid törətdiyi, işğal olunmuş Fələstin ərazilərindəki məskunlaşma siyasətinin beynəlxalq hüquqa zidd olması və münaqişənin dialoq yolu ilə siyasi həllinə nail olunmasında ikinci Cenevrə görüşünün keçirilməsinin önəmliliyi vurğulanıb.

İclasa sədrlik edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev çıxışı zamanı bildirib ki, Yaxın Şərq sülh prosesində real nəticələrin əldə olunması üçün tərəflərin danışıqlar prosesinə sadiq qalmaları vacibdir. Uğura nail olunması üçün bu proses BMT Nizamnaməsində öz əksini tapmış müvafiq normativ standartlar və beynəlxalq hüquq çərçivəsində aparılmalıdır.

İşğal edilmiş Fələstin ərazilərində məskunlaşma siyasətinin davam etməsindən narahatlıq ifadə olunub və bildirilib ki, bu beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. İşğal altında olan Fələstin ərazilərindəki iqtisadi, maliyyə və humanitar durumun yaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətin davamlı dəstəyinə ehtiyacın olduğu da vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti