...

Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə yığıncaq keçirib

Siyasət Materials 7 Dekabr 2013 14:34 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Ağsaqqallar Şurasının yığıncağı keçirilib.
Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə yığıncaq keçirib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Ağsaqqallar Şurasının yığıncağı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, AMEA-nın prezidenti Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanı parçalanmadan xilas etdi və bütün dünyaya ölkəmizin birliyini nümayiş etdirdi: "Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu öndərsiz illər çox faciəli olub. Ölkəmiz 20-30 mindən artıq şəhid verib. Eləcə də həmin illərdə 30 minə yaxın insan əlil vəziyyətinə salınıb. Məhz dövlətimizin qayğısı və diqqəti sayəsində əlillərin problemləri öz həllini tapmaqdadır. Ulu Öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın 20 faiz torpağı ermənisilahlı qüvvələri tərəfindən işğal edildi və 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd yuvalarından didərgin düşdü. Məhz ümumilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı və ölkəni işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib".

F.Heydərov çıxışında xalqın ulu öndər Heydər Əliyevin siyasətinə inandığını deyib və son prezident seçkilərində onun layiqli davamçısı İlham Əliyevə səs verməsini bu inamın bariz nümunəsi kimi qiymətləndirib.

Daha sonra çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, dünya tarixində elə şəxsiyyətlər var ki, onlar öz xalqına mənsub olmurlar: "Amma ulu öndər Heydər Əliyev istisna olaraq, daim xalqının və dövlətinin yanında olub. Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazdı, yaratdı və bu tarix yaşamaqdadır. Dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi, eləcə də din-dövlət münasibətlərinin qurulmasına əsaslı zəmin yaratmışdı. Ulu öndər Azərbaycanı milli, vətəndaş qırğınlarından, eyni zamanda ölkəmizi parçalanmaqdan xilas etdi. Dahi şəxsiyyət cismən bizlə olmasa da, amma ruhən hər zaman yanımızdadır".

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, onun irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması çox böyük əhəmiyyətə malikdir.

AMEA prezidenti Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolunu xüsusilə qeyd edib. "Heydər Əliyev öz həyat ideologiyasına görə böyük alimdir. Ümummilli lider Heydər Əliyevin bilik və zəkası tandem yaradaraq onu dahi şəxsiyyətə çevirib. O, humanist elmi ideyalara əsaslanaraq, öz xalqını işıqlı gələcəyə apardı və onun irsi hələ bir çox illər öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır".

Daha sonra çıxış edən ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ümummilli lider Heydər Əliyevlə ilk dəfə 1968-ci ildə Qum adasında Moskvadan gələn nümayəndə heyətinin tərkibində olarkən tanış olub: "Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra neft sənayesindəki geriqalmaları təhlil etdi. 70-ci illərdə neft sənayesinin inkişafını sahmana salmaq üçün plenium çağırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər dənizdən hasil edilən neft cəmi 40 metr dərinlikdə çıxarılırdı. Daha sonra neft sənayesinin inkişafı üçün ulu öndər Heydər Əliyev Bakı Dərin Özüllər zavodunun tikintisinə nail oldu. Bu kimi islahatçı addımlardan sonra neft sənayesi dirçəlməyə başladı. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda neft sənayesi acınacaqlı vəziyyətdə idi. Məhz Heydər Əliyev yenə də neft sənayesindəki vəziyyəti təhlil edərək çıxış yolu tapdı. Neftin hasil olunması üçün xarici şirkətləri Azərbaycana dəvət etdi. Neft kəmərlərinin inşasına başlanıldı. Bundan sonra neft sənayesi dirçəlməyə başladı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti