...

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Siyasət Materials 20 Yanvar 2014 00:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Almaniyanın millət vəkillərinin, siyasi və mədəni ictimaiyyətinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporunun qatıldığı tədbirdə Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov çıxış etmişdir. Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra səfir tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında geniş məlumat vermişdir.

P.Şahbazov bildirmişdir ki, Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının
azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı
müstəqillik yolundan döndərməyi bacarmamışdır. Səfir ümummilli liderimiz Heydər
Əliyevin hadisələr baş verəndən dərhal sonra Moskvada 20 yanvar faciəsi üçün
məsuliyyət daşıyan Sovet hakimiyyəti rəhbərlərini ifşa etdiyini və müstəqil
Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin
verilməsinə nail olduğunu diqqətə çatdırmışdır. Səfir eyni zamanda təəssüflə qeyd
etmişdir ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu
üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 yanvar faciəsi barədə təqdim
olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməmişdir.

Daha sonra Berlin Humbolt Universitetinin "Azərbaycan tarixi" kafedrasının
müdiri, professor Eva Maria Aux 20 yanvar hadisələrinin tarixi haqqında məruzə ilə
çıxış etmişdir. O zamankı hadisələri dərindən təhlil edən professor Aux Ermənistanda
və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik
təmizləmə və qətliamlara da toxunmuş, 20 yanvar faciəsini törətmiş Sovet hakimiyyəti
və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham
etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra, Almaniyada yaşayan azərbaycanlı musiqiçilər
Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının
əsərlərindən ibarət anım konserti səsləndirilmişdir. Eyni zamanda 20 yanvar
faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani
vəsaitlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti