...

Zahid Oruc: Leyla Yunusun missiyası kəşfiyyat orqanlarının fəaliyyətindən heç nə ilə fərqlənmir

Siyasət Materials 24 Yanvar 2014 14:56 (UTC +04:00)
"Leyla Yunusun dərin bir vicdanı yoxdur ki, vicdan məhbusları kateqoriyasında kimlərisə təyin etsin".
Zahid Oruc: Leyla Yunusun missiyası kəşfiyyat orqanlarının fəaliyyətindən heç nə ilə fərqlənmir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Leyla Yunusun dərin bir vicdanı yoxdur ki, vicdan məhbusları kateqoriyasında kimlərisə təyin etsin". Bunu Trend-ə Milli Məclisin üzvü Zahid Oruc Leyla Yunusun mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Z.Oruc qeyd edib ki, 90-cı illərdən bəri əsas fəaliyyəti antiazərbaycan planı üzərində qurulan bir şəxsin hansısa siyahılar tərtib edib, ölkə üzərində xarici maraqları həyata keçirməsinə heç kimin şübhəsi yoxdur.

Onun sözlərinə görə, hüquq müdafiəsi fəaliyyəti prokurorluq və məhkəmə orqanlarının fəaliyyətini mənimsəməyə səbəb olmamalıdır: "Leyla Yunus və onun kimiləri özləri üçün əlavə üstün hüquqi meydan düzəldirlər. Elə hesab edirlər ki, bunların iddiası ilə kimlərsə buraxılmalıdır. Bu halda dövlət qurumlarının funksiyası, səlahiyyətləri nədən ibarət olacaq? Məsələnin başqa bir tərəfi Leyla Yunusun xarici layihələrin içərisində bir agentura mərkəzinin agenti rolunda çıxış etməsidir".

Millət vəkili deyib ki, heç kimə sirr deyil ki, bəlli beynəlxalq maraqların həyata keçirilməsinin yolları, xüsusi metodları var və indi artıq hərbi vasitələrlə müdaxilə çox effektiv deyil: "Ən yaxşı yol 3-cü sektorun, xarici QHT strukturlarının və onların şəbəkəsində yer almış şəxslərin təşkilatlarının əli ilə hərəkət etməkdir. Bu mənada Leyla Yunusun missiyası kəşfiyyat orqanlarının fəaliyyətindən heç nə ilə fərqlənmir. Elə hesab edirəm ki, ölkənin keçdiyi yolu, vətəndaşların sosial-iqtisadi həyatlarının yaxşılaşdırılması, Azərbaycanın infrastruktur cəhətdən tamamilə təzələnməsi, çox mühüm layihələrin həyata keçirilməsini vətəndaş üçün saymayıb, onu cəmiyyətin, bütövlükdə millətin həyatının yaxşılaşdırılması kimi qiymətləndirməyib, ayrı-ayrı faktları ümumiləşdirib onu dövlət kursu kimi qələmə vermək son dərəcə böyük avantüradır".

Z.Oruc əlavə edib ki, Azərbaycan bu gün səngərdə düşmənlə savaş aparırsa, o biri tərəfdən də demokratik cəmiyyət quruculuğunun tələbləri qarşısındadırsa, belə çıxır ki, bu müharibəni aparmağa heç bir beynəlxalq qurumun aidiyyəti yoxdur, onlar bundan danışmayacaqlar. Amma ölkənin hansısa lokal bir ərazisində hüquq-mühafizə orqanları ilə münasibətdə bir problemi meydana çıxan adamı qabardıb deyəcəklər ki, bu, Azərbaycanın ciddi bir nöqsanıdır: "Elə isə həqiqətən də bizim ölkəmizin taleyindən bir narahatlıq varsa, bu gün səngərlərdə həyatını itirən insanlarımızın vəziyyətinə, durumuna, onların problemlərinə niyə sayğı və diqqət göstərilmir. Leyla Yunusun siyahılarında bu şəxslərin adı niyə yoxdur? Nədən bunlardan bəhs edib erməni qəsbkarlarına qarşı həmin o beynəlxalq tribunalardan səslənmir. Siz onları görməyəcəksiniz. Çünki Leyla Yunusun etnik kimliyini biz bir qırağa qoyuruq, qoy hətta Azərbaycanda ermənilər də yaşasın, ancaq mənəviyyat erməniləri ilə davranmaq xeyli dərəcədə çətindir. Leyla Yunus mənəviyyat, əqidə ermənisidir: "Ona görə də mən onun son açıqlamalarını bu qəbildən qəbul edirəm və elə düşünürəm ki, onun Azərbaycan əleyhinə dairələrin layihəsi içərisində olması hamı tərəfindən qəbul olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti