Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Cəfərov/
Xəzər dənizi ilə bağlı mühüm və həyati məsələlər siyasiləşdirilməməlidir. Bunu İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri və bu ölkənin ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti bu gün "İranın Xəzər dənizində mənafeyi nədir və necə təmin olunur?" adlı konfransda çıxışı zamanı deyib.
Ə.Vilayəti bildirib ki, Xəzər dənizi ilə bağlı məsələlər İran, Rusiya, Azərbaycan və Türkmənistan üçün çox mühüm və əhəmiyyətlidir: "Xəzər dənizi ilə bağlı məsələlərdə İran və Rusiyanın əməkdaşlığı daha da artırılmalı, eləcə də İran, Azərbaycan və Türkmənistan arasında movcud olan yaxşı əməkdaşlıq daha inkişaf etdirilməlidir".
Onun sözlərinə görə, Xəzər dənizi bəşəri irsdir və dənizə aid məsələlərlə bağlı diqqətli və ehtiyatlı davranmaq lazımdır.
Ə.Vilayəti əlavə edib ki, Xəzər dənizi ilə bağlı məsələdə hər bir ölkə öz payına düşənlə kifayətlənməlidir: "Biz əgər diqqətli olmasaq, digər ölkələr bizim mənafeyimizə zidd qərarlar qəbul edəcək. Elə buna görə Xəzər dənizi ilə bağlı müştərək mənafelərimizi gücləndirməli və öz hüquqlarımızı qorumalıyıq".
"İranın Xəzər dənizində mənafeyi nədir və necə təmin olunur?" adlı konfrans bu gün İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzində öz işinə başlayıb. Konfrans elə bu mərkəzin təşəbbüsü ilə keçirilir. Konfransda tələbələr, elm adamları, siyasi şəxsiyyətlər və parlament nümayəndələri, o cümlədən İranın Rusiyadakı səfiri Mehdi Sənayi də iştirak edir.