...

30 mart - Cümhuriyyətin ən önəmli seçkiləri

Siyasət Materials 28 Mart 2014 15:55 (UTC +04:00)
Türkiyədə baş verən hadisələr fonunda siyasi gündəmin tez-tez dəyişməsinə baxmayaraq, əsas məsələlərdən biri də martın 30-da keçiriləcək bələdiyyə seçkiləridir.
30 mart - Cümhuriyyətin ən önəmli seçkiləri

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyədə baş verən hadisələr fonunda siyasi gündəmin tez-tez dəyişməsinə baxmayaraq, əsas məsələlərdən biri də martın 30-da keçiriləcək bələdiyyə seçkiləridir.

Ölkədə seçkilərə hazırlığın və rəqabətin fevralın 18-dən başladığı elan edilsə də, Türkiyədə baş verən hadisələrə nəzər salsaq, bu rəqabət və hazırlığın daha öncədən start götürdüyünü görmək olar. Ən azından ona görə ki, istər hakim partiya, istərsə də müxalifət 30 mart seçkilərinə "hesab günü" kimi baxırlar. Hətta həm hakim partiyanın, həm də müxalif partiyaların liderləri bu seçkilərin "hesab günü" olduğunu açıqlayıblar.

30 mart bələdiyyə seçkilərində 52 milyon 965 min 831 nəfər səsvermə hüququna malikdir ki, bunlardan 26 milyon 704 min 757-si qadın, qalanı isə kişidir. Ölkə ərazisində ümumilikdə 194 min 310 seçki məntəqəsi təşkil olunacaq və seçkilərdə ümumilikdə 26 siyasi partiya iştirak edəcək.

Seçkilərdə 26 siyasi partiyanın iştirakına baxmayaraq, heç şübhəsiz ki, əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında olacaq.

Türkiyədəki bələdiyyə seçkilərinin önəmini nəzərə alsaq, onu da söyləmək olar ki, bələdiyyələr uğrunda əsas mübarizə ölkənin İstanbul, Ankara və İzmir şəhərlərində daha gərgin olacaq.

Bir çox siyasi analitiklər ölkədə keçirilən bələdiyyə seçkilərinin hakim partiyanın gələcəyinə təsir etməyəcəyini söyləsələr də, bu seçkilərin nəticələrinin AKP-nin gələcək fəaliyyətinə təsir etməyəcəyini düşünmək doğru olmazdı.

Türkiyədə keçən il dekabr ayından korrupsiya qalmaqalı, dünən isə dövlətin güc strukturları tərəfindən Suriya məsələsinin müzakirəsinin "YouTube" video şəbəkəsində yayımlanması ölkəyə ciddi zərbə vurmaqla yanaşı, hakim partiyanın nüfuzuna da ciddi xələl gətirə biləcək hadisədir.

Hakim partiya ölkədəki korrupsiya qalmaqalında, daha sonra isə ölkə rəsmilərinin telefon danışıqlarının dinlənilməsində və Suriya müzakirələrinin yayımlanmasında Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] hərəkatını rəsmi olaraq ittiham etdi.

Əslində Türkiyənin hakim partiyasının 2002-ci ildə hakimiyyətə gəlişi və 12 il hakimiyyətdə qalması digər siyasi partiyaların AKP ilə müqayisədə zəif olduğuna açıq bir sübutdur.

Lakin nəzərə alınsa ki, hakim partiya rəsmilərinin qeyd etdiyi kimi, "bir vaxtlar hakim partiya ilə eyni düşüncəni paylaşan Gülən hərəkatının nümayəndələri seçkilərdə AKP-yə deyil, müxtəlif siyasi partiyalara səs verəcəklər", o zaman 30 mart bələdiyyə seçkilərinin hakim partiya üçün bir o qədər də asan olmayacağını söyləmək olar.

Lakin bu seçkilərdə hakim partiyanın məğlub olacağı da inandırıcı deyil.

Ümumiyyətlə, Türkiyədə baş verən son siyasi gərginliyə nəzər salsaq, hadisələrdən ən çox zərər çəkən AKP-nin, qismən zərər görən tərəfin isə Gülən hərəkatı olduğunu söyləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti