...

Ukrayna Stokholm məhkəməsində "Qazprom"a qarşı iddia qaldırmağa hazırlaşır

Siyasət Materials 11 Aprel 2014 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Ukrayna "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkəti ilə Ukraynaya əsassız olaraq yüksək qiymətlərlə qaz satan Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti arasındakı müqavilə üzrə Stokholm Arbitraj Məhkəməsində iddia qaldırmağa hazırlaşır. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika və kömür sənayesi naziri Yuri Prodan Ali Radada çıxışında deyib.

Y.Prodan bəyan edib: "Bu iş (Stokholm Arbitraj Məhkəməsində iddia qaldırmaq - red.) mənim bu vəzifədə olduğum ilk gündən aparılır. Bu gün biz müvafiq əsaslı sənədlərin hazırlanmasına və 2009-cu ildə "Naftoqaz" ilə "Qazprom" arasında bağlanan müqavilənin sərfəli olmayan şərtlərinə yenidən baxırıq".

O, qeyd edib ki, iddianın qaldırılmasına hazırlığa "Qazprom" ilə məhkəmə istintaqlarında təcrübəsi olan hüquqşünaslar cəlb edilir: "Ukrayna üçün Rusiya qazının mövcud qiymətləri ədalətsiz və siyasidir".

2014-cü il aprelin 1-dək 2010-cu il tarixli Xarkov sazişi və 2013-cü il dekabr tarixli saziş üzrə endirimləri nəzərə alaraq Ukrayna üçün Rusiya qazının dəyəri min kubmetr üçün 268,5 dollar təşkil edirdi.

Xatırladaq ki, aprelin 1-dən "Qazprom" borcun ödənilməməsinə görə Ukrayna üçün qazın qiymətinin 385,5 dollara qədər artırıldığını elan edib. Ötən gün Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib ki, Rusiya Federasiyasının Qara dəniz donanması üzrə Ukrayna ilə bağlanmış sazişlərin qüvvədən düşməsi ilə əlaqədar Rusiya ikinci endirimi də ləğv edir və buna görə də qazın min kubmetrinin qiyməti 485 dollara qədər artırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti