...

Azərbaycan nümayəndə heyəti TÜRKPA-nın III toplantısında iştirak edəcək

Siyasət Materials 12 Aprel 2014 12:08 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti TÜRKPA-nın Beynəlxalq Əlaqələr və Sosial, Mədəni və Humanitar məsələlər üzrə komissiyalarının 3-cü toplantısında iştirak edəcək.
Azərbaycan nümayəndə heyəti TÜRKPA-nın III toplantısında iştirak edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan nümayəndə heyəti TÜRKPA-nın Beynəlxalq Əlaqələr və Sosial, Mədəni və Humanitar məsələlər üzrə komissiyalarının 3-cü toplantısında iştirak edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, aprelin 15-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKPA-nın Beynəlxalq əlaqələr və Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyalarının 3-cü toplantısı təşkil olunacaq.

"Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti" və "Türk dili günü" toplantıların gündəliyində əsas mövzulardır.

Beynəlxalq əlaqələr komissiyasının toplantısına komissiyanın sədri, Azərbaycan parlamentinin millət vəkili Əhliman Əmiraslanov sədrlik edəcək.

Sosial, mədəni və humanitar məsələlər üzrə komissiyanın toplantısında isə Azərbaycan tərəfindən komissiyanın üzvləri, Azərbaycan parlamentinin millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva iştirak edəcəklər.

Eyni zamanda toplantılarda üzv ölkələrin parlamentarilərindən ibarət komissiya üzvləri, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Dünyası Bələdiyyələr Birliyi və Türk Akademiyasının nümayəndələri iştirak edəcəklər.

Komissiyaların iclaslarında TÜRKPA-nın 2014-cü ilin iyun ayında Azərbaycanda keçiriləcək 5-ci plenar sessiyasında təqdim edilməsi məqsədi ilə toplantıların gündəliyinin əsas mövzularına dair hesabat məruzəsi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Tədbirdə komissiyaların 4-cü toplantılarının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti