Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tariverdiyeva/
Ukrayna rəhbəri payızda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ukraynanın Azərbaycandakı səfirliyinin məsləhətçi-elçisi, səfirliyin rəhbəri səlahiyyətlərinin icraçısı Rüstəm Rüstəmov Bakıda mətbuat konfransında deyib.
Diplomatın sözlərinə görə, səfər ərəfəsində Azərbaycan-Ukrayna ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
R.Rüstəmov bildirib ki, Ukrayna Azərbaycana onun ərazi bütövlüyünü dəstəklədiyinə və Krımın statusu üzrə BMT qətnaməsinə səsvermədə Ukraynanı dəstəklədiyinə görə çox minnətdardır: "Biz 25 may prezident seçkilərindən sonra Azərbaycan ilə münasibətlərin aktivləşdirilməsini gözləyirik. Ukrayna və Azərbaycanın Prezidentlər Şurası kimi orqan ölkələr arsında münasibətlərin ən yüksək səviyyədə dəstəklənməsinə kömək edir. Prezidentin səfəri zamanı müxtəlif sahələrdə, o cümlədən iqtisadi və ticarət sahələrində ikitərəfli əlaqələr müzakirə olunacaq".
Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsi təqribən bir milyard dollar təşkil edir.
R.Rüstəmov həmçinin azərbaycanlı turistlərin Ukraynanın qərb regionlarına (o cümlədən, Truskavetsə) artan maraqlarını qeyd edib. Onun sözlərinə görə, ilin istənilən vaxtı orada istirahət edənlərin ən azı 50 faizi Azərbaycandan gələn turistlərdir: "Bu region turizm baxımından sürətlə inkişaf edir. Habelə Ukraynadan olan turistlərin də Azərbaycana marağı artır ki, bu da xaricdə öz iqtisadi, turizm və mədəni potensialının təqdimatlarını keçirən Azərbaycanın yürütdüyü düzgün siyasət sayəsində mümkün olub".
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ölkənin turizm potensialının inkişafı ilə bağlı ciddi addımlar atır.
Ukrayna şirkətlərinin Bakı Metropoliteninin tikintisində iştirakına toxunan R.Rüstəmov qeyd edib ki, ötən il dekabrın 18-də imzalanan sazişə görə, Ukrayna şirkəti metronun bir neçə xəttinin tikintisində iştirak edəcək. Müqavilənin məbləği 400-450 milyon avro təşkil edir.
Onun sözlərinə görə, habelə Ukraynada inşaat sahəsində ixtisaslaşan Azərbaycan şirkətləri çalışırlar.