...

Ukrayna antiterror əməliyyatını və ölkə daxilində siyasi dialoqu davam etdirəcək

Siyasət Materials 14 May 2014 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Tariverdiyeva/

Ukrayna Rusiyanı ölkədə qeyri-sabit vəziyyətin yaranmasına nail olan təxribatçı və terrorçu qruplaşmaları dəstəkləməkdən çəkinməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ukraynanın Azərbaycandakı səfirliyinin məsləhətçi-elçisi, səfirliyin rəhbəri səlahiyyətlərinin icraçısı Rüstəm Rüstəmov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib: "Biz antiterror əməliyyatını, eləcə də ölkə daxilində siyasi dialoqu davam etdirəcəyik".

Onun sözlərinə görə, Krımda rəsmi Kiyevin tanımadığı referendumda əhalinin 30 faizə yaxını iştirak edib, həm də onların yarısı yarımadanın Ukraynanın tərkibində qalmasına səs verib. Səfir bildirib ki, bu, Krım hakimiyyətinin yaydığı məlumatlarla ziddiyyət təşkil edir.

Diplomat deyib: "ATƏT-in missiyası öz hesabatında Rusiyanın bəyanatına görə, rusdilli əhalinin əvvəllər Krımda sıxışdırılmasına dair məlumatları qətiyyətlə təkzib edib. Bu gün orada Krım tatarlarının vəziyyəti daha ağırdır. Ukrayna həmin ərazilərdə yaşayan Krım tatarlarının yaşayışını yüngülləşdirmək üçün hər şeyi edir. Krımın statusu üzrə keçirilən qondarma referendumda Krım tatarlarının 99 faizi iştirak etməyib. Bu, qəbuledilməzdir".

Onun sözlərinə görə, Ukraynanın cənub-şərq regionlarında (Luqansk və Donetsk vilayətlərində) keçirilən psevdoreferendumların "ölkənin ərazi bütövlüyü üçün" heç bir nəticəsi olmayacaq: "Bizdə olan məlumata görə, əksəriyyət, yəni vətəndaşların 90 faizi həmin psevdoreferendumlarda iştiraka etinasızlıq göstəriblər. Hələ aprel ayında Ukraynanın bütün vilayətlərində, o cümlədən Luqanskda sorğu keçirilib və o zaman əhalinin 70 faizindən çoxu Ukraynanın ərazi bütövlüyünün saxlanmasına səs verib".

Diplomat onu da bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Krıma və Sevastopola bu günlərdə etdiyi səfəri pisləyib.
Səfirin sözlərinə görə, Ukraynada istisna etmirlər ki, Rusiyanın göstərilən ərazilərə nəzarət etmək arzusuna səbəb təbii resurslar, o cümlədən şist qazı uğrunda mübarizə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti