...

Respublika Günü Vaşinqtonda təntənəli surətdə qeyd olunub (FOTO)

Siyasət Materials 30 May 2014 12:02 (UTC +04:00)
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Respublika Gününü qeyd etmək məqsədilə təntənəli ziyafət təşkil edilmişdir.
Respublika Günü Vaşinqtonda təntənəli surətdə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Respublika Gününü qeyd etmək məqsədilə təntənəli ziyafət təşkil edilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu münasibətlə tədbir günü ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan "Endryu Mellon Auditorium" (Andrew Mellon Auditorium) öz qapılarını Səfirliyin 700-dən artıq qonağının üzünə açmışdır.

Ziyafətdə ABŞ Administrasiyasının yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin Mayk Törner (Mike Turner - Ohayo ştatı), Henri Kueler (Henry Cuellar - Texas ştatı), Donald Peyn (Donald M. Payne - Nyu Cersi ştatı), Şila Cəkson Li (Sheila Jackson Lee - Texas ştatı), Cim Moran (Jim Moran - Virginiya ştatı) və Stiv Stokman (Steve Stockman - Texas ştatı) kimi üzvləri, Azərbaycan milli ordusunun tərəfdaşı olan Oklahoma Milli Qvardiyası komandanının müavini General Qreqori Ferquson (Gregory L. Ferguson) və ABŞ hərbi qüvvələrinin digər yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş çoxsaylı səfir və digər diplomatik post sahibləri, eləcə də ABŞ-dakı Azərbaycan, türk və yəhudi icmasının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Argentina əsilli müğənni Mariya Entragusun (Maria Entraigues) füsunkar ifasında Azərbaycan və ABŞ milli himnləri canlı şəkildə səsləndirilmişdir. Bunun ardınca qonaqları salamlamış Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bir rəmz olaraq Azərbaycanın dövlətçilik ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi və onun müstəqil Azərbaycan Respublikasının timsalında bərpa edilməsində Respublika Gününün malik olduğu əhəmiyyət barədə fikirlərini bölüşmüşdür. O, həmçinin Respublikanın qurulması ilə yanaşı, onun müstəqilliyinin qorunub, saxlanmasının önəmini qeyd etmiş və bu mənada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdırmışdır. Səfir yekunda Azərbaycan-ABŞ münasibətlərinin davamlı inkişafına inamını ifadə etmişdir.

ABŞ-ın Enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) ziyafətdəki təbrik çıxışında ABŞ və Azərbaycan arasında dostluq münasibətlərini təqdir etmiş, Azərbaycanı ABŞ-ın mühüm bir tərəfdaşı kimi qəbul etdiklərini söyləmiş və qarşılılıqlı münasibətlərin sütunları olaraq siyasi, təhlükəsizlik və enerji istiqamətləri üzrə görülən işləri və atılan addımları sadalamışdır. İlk dəfə 20 il öncə "Əsrin Müqaviləsi"nin imzalanması mərasimində iştirak üçün Azərbaycana səfər etmiş C.Elkaynd ötən illərdə ərzində Azərbaycanda müşahidə etdiyi inkişafı qeyd etmişdir. O, xüsusilə cavadbeh olduğu enerji sahəsindən söz açaraq, regionun enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rola istinad etmiş, 2013-cü il dekabrın 17-də Bakıda "Şahdəniz" layihəsi üzrə yekun sərmayə sənədinin imzalanması kimi mühüm bir hadisəyə şəxsən şahidlik etdiyini demiş və Xəzər dənizi hövzəsindən Avropaya təbii qaz ixrac edəcək Cənub Qaz Dəhlizinə ABŞ-ın dəstəyini bəyan etmişdir.

ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü olan Ş.Cəkson Li Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, ölkələrimiz arasında möhkəm tərəfdaşlıq və məhsuldar əməkdaşlığın genişləndirilməsindən yana danışmışdır.

Ölkəmizə səfərlərinə istinad etmiş Çəkson Li Azərbaycanın parlaq gəncliyini alqışlamış və əldə etdiyimiz tərəqqini vurğulamışdır.
Bundan sonra Vaşinqton şəhər meriyasının protokol və beynəlxalq əlaqələr katibliyinin rəhbəri Patrisia Elvud (Patricia Elwood) Vaşinqton şəhəri meri Vinsent Qreyin (Vincent C. Gray) təbrik Bəyannaməsini ziyafət iştirakçılarına oxumuşdur.
Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək səviyyəli iştirakçıların müşayiətində səfir Elin Süleymanov qonaqları öz qədəhlərini Azərbaycan-ABŞ dostluğunun uğuruna qaldırmağa çağırmışdır.

Ziyafət iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrinin də daxil olduğu süfrə açılmış və tədbir rəngarəng musiqi proqramı ilə davam etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti