...

Mübariz Əhmədoğlu: Ukrayna ətrafındakı proseslərin gedişinin açarı Krım məsələsindədir

Siyasət Materials 4 İyul 2014 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Avropa İttifaqı (Aİ) və Rusiya Federasiyası indi razılaşdıqları ilə Ukrayna hadisələrindən əvvəl razılaşsaydılar, Ukrayna dağılmazdı. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ukraynanın ən məsuliyyətli dövründə hakimiyyətə gəlmiş Pyotr Poroşenkonun vahid konsepsiyası yoxdur. Ən azı bu günədək üç müxtəlif düşüncə sahibi olan Poroşenko var: "Ukraynadakı prezident seçkilərindəki Poroşenko, Qərb liderlərinin iştirakı ilə Vladimir Putinlə görüşən Poroşenko və inauqurasiya mərasimindəki prezident Poroşenko. Prezident kürsüsünə əyləşdikdən sonra da Pyotr Poroşenkoda Ukrayna və Ukrayna ətrafında baş verənlərlə əlaqəli vahid mövqeli lider kimi görünmür. Maydandakı Veçeni əvvəlcə inkar edən Poroşenko sonrakı həftə Veçeyə qatılmalı oldu. Ukraynanın ictimai-siyasi mühitinin, yerli oliqarxların dəstəyini tam özününküləşdirə bilməyən Poroşenkodan Maydan da narazılığa başladı. Poroşenkonun dəyişilməz və sarsılmaz dəstəyi Qərb ölkələrinin liderlərindəndir: onun sülh planı tamamilə dəstəklənir. Hərbi planı isə dəstəklənmir və dəstəklənməyəcək. Qərb liderləri səmimi olaraq bu barədə P.Poroşenkoya bildiriblər".

M.Əhmədoğlu hesab edir ki, Poroşenkonun qarşısında duran ən mühüm məsələlər Maydanın mövcudluğu və Krım məsələsidir: "Maydan davam edəcəksə, Poroşenko tam keyfiyyətli prezidentlik edə bilməyəcək. İctimai-siyasi mühitin hətta hakimiyyət təmsilçiləri Maydan faktorunu nəzərə alacaqlar. Bu isə Poroşenkonun fəaliyyətinin təsirini minimuma endirəcək. İkinci məsələ Krımla əlaqəlidir. Poroşenko inauqurasiya mərasimindən dərhal sonra Krım barəsində öz xalqı ilə açıq söhbətə getməli, Krım məsələsinin həllini bir müddətə təxirə salmağı xalqa izah etməliydi. Hal-hazırda Ukraynada nüfuza malik üç eks-prezident Poroşenkoya bütün məsələlərdə dəstək verdiyi kimi bu məsələdə də dəstək verə bilərdi. Ukrayna və Ukrayna ətrafındakı proseslərin gedişinin açarı Krım məsələsindədir. Rusiya Krım məsələsində Ukraynadan istədiyi cavabı almayanadək Ukraynanın daxilindəki vəziyyətin gərgin qalmasında maraqlı olacaq. Ona görə də Poroşenko və Qərbin atdığı addımlar səmərəsiz başa çatacaq. Qərbin Rusiyaya qarşı maksimum bir qış mövsümü dözümü ola bilər. Qış yaxınlaşdıqca Rusiyanın Avropanın qaz təchizatı ilə bağlı hansı addımlar atacağı bəlli deyil. Ona görə Avropa qış ərzində Rusiyaya qarşı münasibətini indiki sərt mövqedən dəyişdirməyə məcbur olacaqdır".

Mərkəzin direktorunun fikrincə, Ukrayna və Ukraynadakı hadisələr hərtərəfli tədqiq edilməlidir: "Aİ Ukrayna ilə assosiativ müqavilənin iqtisadi hissəsini imzaladı. Ukrayna hadisələri başlamazdan qabaq Aİ bunu qətiyyətli inkar edirdi. Brüssel üçtərəfli Ukrayna-Rusiya-Aİ danışıqlarına razılıq verdi. Ukrayna hadisələrindən qabaq isə bununla qətiyyən razılaşmadı. Rusiya Avrasiya İqtisadi Bbirliyi (AİB) siyasi modelli deyil, yalnız iqtisadi modelli olmasına razılıq verdi. İndi təsis olunan AİB yalnız iqtisadiyyat üzərində formalaşdırılıb. Ukrayna da Gömrük İttifaqına üzvlük məsələsində yalnız bunu istəyirdi. Rusiya o vaxt razılıq vermədi. İndi isə razılaşdı. İndi razılaşdırılanlar Ukrayna hadisələrindən əvvəl razılaşdırılsaydı, Ukrayna dağılmazdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti