...

Mayya Pancikidze: Təxribatçılar Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək istəyirlər

Siyasət Materials 1 Avqust 2014 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze Bakıda "Neftçi" və "Çixura" komandaları arasındakı futbol matçından sonra yaşanmış insidentin iki ölkənin mövcud dost münasibətlərini pozmaq istəyən təxribatçılar tərəfindən təşkil edildiyini düşünür.

Xanım M.Pancikidze qeyd edib: "Bu, idman tədbirinin, matçın keçirildiyi, həmçinin azərbaycanlı jurnalistlərin Gürcüstan Gənclər və İdman İşləri üzrə Nazirliyin dəvəti ilə ölkəmizdə olduğu vaxt baş verir. Əminəm ki, nazirlik Azərbaycan tərəfini təxribatçıların arxasında dövlətin və komandanın azarkeşlərinin dayanmadığına inandırmaq üçün hər şeyi edir".

Nazirin fikrincə, iki dost ölkə arasında münasibətləri pisləşdirməyə istiqamətlənən bu təxribat kiminsə fərdi fəaliyyətidir.

M.Pancikidzenin sözlərinə görə, kimsə iki ölkə arasında münasibətləri gərginləşdirmək istəyir.

Qeyd edək ki, iyulun 31-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.

Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti