Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir.
O deyib: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".
M.Bağlının sözlərinə görə, bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət ayırdığını qeyd edib.
Qeyd edək ki, Türkiyədə seçki qutularının 98 faizindən çoxu açılıb. Bu barədə Türkiyənin Ali Seçki Şurasının (MSK) məlumatında deyilir.
İlkin məlumatlara görə, Türkiyədə avqustun 10-da keçirilən prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir. O, seçicilərin 51,85 faizinin səsini toplayıb.
İkinci yerdə 38,48 faiz səslə Ekmeleddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 9,72 faizini toplayan Səlahəddin Temirdaş gəlir.
Türkiyədə prezident seçkilərində seçicilərin 75 faizi iştirak edib. Türkiyənin fəaliyyətdə olan Prezidenti Abdullah Gülün səlahiyyətləri avqustun 28-də başa çatır.