...

"Azərbaycan İran və Qərb arasında körpü olacaq potensiala malikdir"

Siyasət Materials 6 Noyabr 2014 15:36 (UTC +04:00)
Azərbaycan İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola bilər.
"Azərbaycan İran və Qərb arasında körpü olacaq potensiala malikdir"

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola bilər. Bu sözləri Trend-ə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfərini şərh edərkən İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri bildirib.

C.Cəfəri bildirib ki, Azərbaycanın həm İran, həm də Qərblə yaxşı münasibətləri var: "Hazırda İran və ABŞ arasında nüvə məsələsi üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşmasında müstəsna rol oynaya bilər, çünki bu potensiala malikdir".

Qeyd edək ki, hazırda İran və "altılıq" ölkələri nüvə sahəsində daimi müqavilənin imzalanması üzrə müzakirələr aparır. Bundan əvvəl, ötən ilin noyabrında 6 aylıq nüvə razılaşması əldə olunmuş və iyundan etibarən razılaşmanın vaxtı 4 aylıq uzadılmışdı. Ölkələr noyabrın 24-dək daimi razılaşmanın əldə olunmasına səy göstərirlər.

C.Cəfərinin sözlərinə görə, Azərbaycanın bu prosesdə böyük payı ola bilər: "Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir. Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər".

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani noyabrın 12-də Bakıya səfər edəcək. Səfərdə 10 sənədin imzalanması gözlənilir.

İranlı deputat əlavə edib ki, İran Prezidentinin prioriteti qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdir, çünki regionun iqtisadi inkişafı hamı üçün xeyirlidir və buna görə də region ölkələri aralarındakı problemləri həll etməlidirlər.

C.Cəfəri İran və Azərbaycan arasında "svop" elektrik enerjisi və qaz tədarükünə toxunaraq bildirib ki, Azərbaycan enerji baxımından İran üçün əhəmiyyətli ölkədir.

Hazırda Azərbaycandan İrana "svop" əməliyyatları çərçivəsində sutkada 1,2 milyon kubmetr qaz tədarük olunur, həmçinin qışda İran Azərbaycana, yayda isə Azərbaycan İrana elektrik enerjisi ixrac edir.

Onun sözlərinə görə, İran şimal qonşuları ilə "svop" əməliyyatları çərçivəsində neft tədarükünü də bərpa etmək niyyətindədir.

Xatırladaq ki, İran 10 ildən artıq müddətdə hər barel üçün 1,1 dollar zəhmət haqqı alaraq şimal ölkələrin neftini Neka limanında təhvil alıb Fars körfəzində təhvil verirdi. 2010-cu ildə İran hökuməti bu prosesi dayandırdı.

İran neft nazirinin müavini avqustun 15-də "Shana" agentliyinə bildirmişdi ki, İran 1990-2009-cu illərdə "svop" əməliyyatları çərçivəsində neft tədarükündən 880 milyon dollar qazanc əldə edib və bu prosesin yenidən bərpası vacibdir.

Qərbin 2012-ci ildə İranın neft satışına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində ölkənin 2011-ci ildəki sutkalıq 2,5 milyon barel neft satışı həcmi 2013-cü ildə 1,07 milyon barelə düşüb.

İran və Qərb arasında müvəqqəti nüvə sazişinə əsasən ölkənin neft ixracatı yenidən 1,2 milyon barelə yüksəlib. Daimi nüvə sazişi əldə olunsa İranın neft satışına qarşı sanksiyalar aradan qaldırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti