...

Azərbaycanın Litvadakı Səfirliyi 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib

Siyasət Materials 1 Dekabr 2014 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın Litva Respublikasındakı Səfirliyi Litvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Vilnüs şəhər Ratuşasında keçirilmiş 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, yarmarkanın keçirilməsinin əsas məqsədi Litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına keçirilməsindən ibarət olmuşdur.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunmuşdur.

Tədbirin açılışında Litva Respublikasının sabiq Prezidenti Valdas Adamkus xanımı ilə iştirak etmişdir. Açılış mərasimindən sonra Azərbaycan stendinə yaxınlaşan Litva rəsmiləri səfir Həsən Məmmədzadə tərəfindən qarşılanaraq nümayiş olunan məhsullar haqqında qısa məlumat verilmişdir.

Qırxdan artıq diplomatik nümayəndəlik və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən biri olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti