...

"Xilafət" Qərb dəyərlərinin yerini alır?

Siyasət Materials 8 Dekabr 2014 16:54 (UTC +04:00)
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən beşinci Dini Şurada çıxışı zamanı ümumilikdə dinin siyasi alət kimi istifadə edilməsinin doğru olmadığını açıqladı.
"Xilafət" Qərb dəyərlərinin yerini alır?

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:



Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən beşinci Dini Şurada çıxışı zamanı ümumilikdə dinin siyasi alət kimi istifadə edilməsinin doğru olmadığını açıqladı.

Ərdoğan bəzi müsəlman ölkələrində olan ciddi problemlərin (iqtisadi və siyasi geriliyin) İslamdan qaynaqlandığı fikri ilə razı olmadığını bildirdi. Prezident bununla yanaşı, Qərbdə və bəzi müsəlman ölkələrində artan islamofobiya məsələsində də toxunaraq islamofobiyanın faşizmlə eyni müstəvidə olduğunu bildirdi.

Bu gün siyasi liderlərin din mövzusunu daha açıq və qabarıq şəkildə gündəmə gətirməsi dinin insan həyatında əhəmiyyəti ilə yanaşı, dindən siyasi məqsədlərlə istifadənin daha da artdığını söyləməyə əsas verir.

Digər tərəfdən, bu gün bir çox bölgələrdə törədilən cinayətlərin "Allah adına" edilməsi həm təəssüfedicidir, həm də məhz islamofobiyanın müsəlmanlar arasında belə artmasına səbəb olur. Təbii ki, islamofobiyanın artmasının bir çox səbəbləri var. Bu səbəblərin heç də hamısı İslam dünyasından qaynaqlanmır, eyni zamanda, Qərbin müsəlmanlara qarşı yürütdüyü siyasətə sərt və radikal cavab bir çox hallarda Qərbdə islamofobiyanın yayılmasına şərait yaradır.

Etiraf etmək lazımdır ki, Qərb və İslam dünyasında islamofobiyanın yayılmasının başlıca səbəbi "İslam Dövləti" terror qruplaşmasının İraq və Suriya ərazisində fəaliyyətidir.

Bu gün "İslam Dövləti"nə qarşı aparılan hərbi əməliyyatlar və mübarizə üsulu demək olar ki, ciddi effekt vermir. İlk növbədə qeyd edilməlidir ki, sadəcə hərbi yolla terror qruplaşmasının kökünü kəsmək mümkün olmayacaq. Ən azından ona görə ki, uzunmüddətli hərbi əməliyyatların aparılması terror qruplaşmasının daha çox tərəfdar toplaması və ciddi struktur dəyişikliyi ilə nəticələnəcək ki, bu da terrora qarşı mübarizə aparan tərəflərin maraqlarına xidmət etmir.

Dolayısilə, hərbi əməliyyatlarla yanaşı, radikallığa səbəb yaradan amillərə qarşı mübarizə və informasiya müharibəsi aparılmalıdır. Etiraf etmək lazımdır ki, "İslam Dövləti" qruplaşması informasiya müharibəsində "qalib" gəlməkdədir və bu qalibiyyət yalnız terror qruplaşmasının və islamofobiyanın yayılmasında maraqlı olan qüvvələrin məqsədlərinə xidmət edir.

"İslam Dövləti"nin, xüsusən də ərəb dövlətlərindən tərəfdar toplamasının digər səbəblərinə gəlincə, bu həmin dövlətlərdə güclü siyasi iradənin olmaması, siyasi boşluqların olması və sosial problemlərin mövcudluğundan qaynaqlanır. Bu problemlər həll edilmədikcə, ərəb dövlətlərində "xilafət" tərəfdarlarının artacağı da istisna edilmir.

Belə ki, rəsmi məlumatlara görə, hazırda "xilafət"ə Tunisdən 3000, Səudiyyə Ərəbistanından 2500, İordaniyadan 2089, Mərakeşdən isə 1500 "könüllü"nün qatıldığı bildirilir.

Bütün bunlarla yanaşı, "İslam Dövləti" terror qruplaşmasına Avropadan da qatılanların sayı elə də az deyil. Belə ki, son məlumatlara əsasən, "İslam Dövləti"nə Fransadan 412, Belçikadan 296, Almaniyadan 240, Niderlanddan 152, ABŞ-dan 132, İsraildən isə 20 nəfər qatılıb.

Bu siyahıda müsəlman dövlətləri ilə yanaşı, Qərb dövlətlərinin də olması əslində düşündürücü məqamlardan biridir. Dolayısilə, "demokratiya", "fikir azadlığı" və "insan haqları" adı altında davamlı olaraq digər ölkələrə təzyiq göstərən Qərb bu fakt və digər dövlətlərə qarşı siyasəti üzərində ciddi şəkildə düşünməlidir. Əks təqdirdə, "xilafət" və yanlış İslam düşüncəsi bu dəyərləri üstələyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti