...

Türkiyədə azərbaycanlı MHP-çinin deputatlığa namizədliyi irəli sürülüb

Siyasət Materials 8 Aprel 2015 17:41 (UTC +04:00)
Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi rəhbərinin deputatlığa namizədliyi irəli sürülüb.
Türkiyədə azərbaycanlı MHP-çinin deputatlığa namizədliyi irəli sürülüb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İlkin İzzət/

Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi rəhbərinin deputatlığa namizədliyi irəli sürülüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin İdarə Heyətinin sədri, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatlığa namizədləri siyahısına daxil edilib.

S.Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprelin 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.

Qeyd edək ki, S.Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr bölümünü bitirib. Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini ("İS-TAD") təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində S.Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş bir sıra müxtəlif səpkili tədbirlər həyata keçirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər 2015-ci il iyunun 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti