...

Rauf Əliyev: Avropa Parlamentinin bu fitnəkar qətnaməsi təkcə Türkiyəyə deyil, bütün Türk dünyasına qarşı yönəlib

Siyasət Materials 16 Aprel 2015 18:12 (UTC +04:00)
“Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı qəbul etdiyi qətnamə bir daha göstərdi ki, Avropa Parlamenti ikili standartlardan əl çəkmir, yalnız öz mənafeləri naminə hadisələrə qiymət verirlər”.
Rauf Əliyev: Avropa Parlamentinin bu fitnəkar qətnaməsi təkcə Türkiyəyə deyil, bütün Türk dünyasına qarşı yönəlib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı qəbul etdiyi qətnamə bir daha göstərdi ki, Avropa Parlamenti ikili standartlardan əl çəkmir, yalnız öz mənafeləri naminə hadisələrə qiymət verirlər". Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda dünyanın bir çox yerində münaqişə ocaqlarında hər gün minlərlə insan həyatını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə yeksan olur, milyonlarla insan öz doğma evini tərk etməyə məcbur olur: "Maraqlı budur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni qəsbkarların işğalı altındadır. İşğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurdunu tərk etməyə məcbur olub".

Millət vəkili vurğulayıb ki, 20-ci əsrin əvvəllərində erməni daşnak-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürüblər: "Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Müxtəlif ölkələrdən gəlib bu məzarlığı ziyarət edən nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. 20-ci əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocalıda baş vermiş dəhşətli qətliam əslində soyqırım hadisəsidir. Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini avropalı deputatların qarşısında bəyan edib. Bütün bunları avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki, heç nə olmayıb".

R.Əliyev qeyd edib ki, Türkiyə tərəfi qondarma "soyqırım" məsələsi ilə bağlı hər iki dövlətin tarixçilərinin iştirakı ilə birgə komissiya yaradılmasını dəfələrlə təklif edib: "Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etmir, çünki özləri də bilir ki, bu uydurma "soyqırım"ı tarixi faktlarla sübüt etmək mümkün olmayacaq. Düşünürəm ki, belə bir qətnamənin qəbul edilməsində bir neçə gün bundan öncə Roma Papasının - yüksək din xadimi rütbəsi olan bir şəxsin öz çıxışında bu "soyqırım" ifadəsini işlətməsi də müəyyən rol oynayıb. Hesab edirəm ki, AP-nin bu fitnəkar qətnaməsi təkcə Türkiyəyə qarşı yox, bütünlükdə bütün Türk dünyasına qarşı yönəlib. Ona görə də hər birimiz AP-nin bu riyakar qətnaməsinə etirazımızı bildirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti