...

Valeh Ələsgərov: Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq

Siyasət Materials 13 May 2015 16:55 (UTC +04:00)
Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycan Parlamentində I Avropa Oyunları ərəfəsində Azərbaycanın imicinə xələl gətirəcək kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib.
Valeh Ələsgərov: Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Azərbaycan Parlamentində I Avropa Oyunları ərəfəsində Azərbaycanın imicinə xələl gətirəcək kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, Türkiyə Avropa Şurası yaranan gündən bu qurumun üzvüdür: "Qardaş ölkə Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi 1963-cü ilin sentyabrnda imzalayıb. 1965-ci ildə isə imzalanan sənəd qüvvəyə minib. Bundan 40 il sonra, 2005-ci ildə yenə də bu saziş təkrarlanır, danışıqlar gedir. Bu müddət ərzində Aİ-yə Türkiyədən bütün parametrlərdə geri qalan xristian ölkəsi qəbul edilib. Türkiyə isə yaxın buraxılmır və buraxılmayacaq da. NATO-da Türkiyə sevimli tərəfdaşdır. Çünki burada söhbət təhlükəsizlikdən gedir. Aİ ilə əməkdaşlığa gəlincə isə Türkiyə yararsız olur. Bunun bir səbəbi də ölkə əhalisinin türk və müsəlman olmasıdır. Başqa səbəbi də yoxdur".

Vitse-spiker deyib ki, Azərbaycana gəlincə isə başqa səbəblər var: "Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Ona görə də Azərbaycanla danışmaq çox çətindir. Biz tələb edirik ki, bizimlə bərabər tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul etmirik. Çünki ehtiyacımız yoxdur. Bəziləri deyir ki, Azərbaycan Aİ ilə assosiasiya sazişinə girmək istəmir. Düzdür. Heç girə də bilməz. Girməməlidir. Birinci gündən Azərbaycanın tələbi olub ki, respublikamızın ərazi bütövlüyü tanınmalıdır və bu sazişin təməli olmalıdır. Buna isə getmirlər. Azərbaycan tərəfi olaraq kimsə bu sazişə girə bilərmi? Yox. Mümkün deyil. Ona görə də Azərbaycan bu sazişə girə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti