...

“Sərhədsiz təxribatçı”

Siyasət Materials 24 İyun 2015 14:48 (UTC +04:00)
Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur.
“Sərhədsiz təxribatçı”

Hamıdan ucadan "Oğrunu tut!" qışqıranın özü oğrudur. Bu aksiomdur. Bu qayda bəzi beynəlxalq QHT nümayəndələrinə tətbiq edilsə, onda bu təşkilatların əsas fəaliyyət dairəsini asanlıqla müəyyənləşdirmək olar.

Məsələn, 20 il "Sərhədsiz Reportyorlar" təşkilatının baş katibi vəzifəsində çalışan, hazırda Bezye şəhərinin meri kimi fəaliyyət göstərən Rober Menar.

"Krossvord" (Mots Croisées) verilişinin aparıcısının sualını cavablandırdıqdan sonra R.Menar tənqid atəşinə tutulmuşdu. Cavabında R.Menar bildirmişdi ki, onun əmri ilə müsəlman uşaqların statistikası aparılır və bu statistikaya əsasən, Bezye şəhərinin şagirdlərinin 64 faizi islam dininə ibadət edir. Merin fikrincə bu göstərici "çoxdur".

Onu da qeyd etmək lazımdır ki, R.Menarın nasist meylləri var - o, Fransanın ultrasağçı milliyyətçi partiyası "Milli cəbhə"dən şəhər meri seçilib. Təsadüfi deyil ki, hələ ötən ilin oktyabrında AFR-in maliyyə naziri Volfhanq Şoyble bu partiyanı "faşist" partiyası adlandırıb.

Verilişdəki bu çıxışından sonra siyasətçilər və hüquq müdafiəçiləri Bezye şəhərinin merini qeyri-qanuni yolla informasiya toplanması və istifadə edilməsində qınadılar. Fransanın baş naziri Manyuel Vals Tvitter səhifəsində belə bir iş tutduğu üçün merin utanmalı olduğunu yazdı. Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Fransanın prezidenti Fransua Olland isə bildirdi ki, R.Menarın fəaliyyəti "Fransa Respublika dəyərləri ilə ziddiyyət təşkil edir".

Monpelye regional mərkəzinin prokurorluğu şagirdlərin "etnik mənşəyi barədə məlumatların qeyri-qanuni toplanması" məsələsi ilə bağlı ilkin istintaqa başladı. Növbəti gün R.Menar dindirildikdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdi.

"France-2" telekanalı R.Menarı "sərhədsiz təxribatçı" adlandırdı: "Bu təxribatçı sağ düşərgədən sol düşərgəyə keçməklə müxtəlif təxribatlarla məşğuldur".

Onu da qeyd etmək lazımdır ki, R.Menarın bundan əvvəl də məhkəmə orqanları ilə problemi olub. Bir neçə il əvvəl, hələ "Sərhədsiz Reportyorlar"a başçılıq etdiyi dövrdə o, etiraf edib ki, təşkilatın büdcəsi əsasən "ABŞ-ın xarici siyasəti ilə sıx əlaqəsi olan Amerika təşkilatlarının" hesabına dolur. Bu təşkilatların arasında milyarder Corc Sorosun "Açıq cəmiyyət təşkilatı" (Open Society Foundation), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və NED var.

2008-ci ildə isə R.Menar USAID-dən qrantların oğurlanmasında ittiham edilib. Məhz R.Menarın katiblik etdiyi dövrdə bu təşkilat Vaşinqtonun sözə baxan oyuncağına çevrilib. Qəribə təsadüf nəticəsində ABŞ-a loyal ölkələrdə söz azadlığına göz yuman və qiymətləndirmə fəaliyyətinin meyarlarını açıqlamaq istəməyən, rəsmən müstəqil olan bu qeyri-hökumət təşkilatının obyektivliyi haqqında danışmaq olarmı?

Fransanın "Legrandsoir" qəzetində yer alan məlumatda deyilir ki, təşkilatın maliyyə hesabatlarına əsasən, onun illik büdcəsi 4 milyon avro təşkil edir və bu vəsaitin əsas hissəsi fotoalbomların, həmçinin futbol köynəklərinin satışından əldə edilir.

Jurnalist Salim Lamrani hesablayıb ki, "Sərhədsiz Reportyorlar" gəlir kimi göstərdiyi 2 milyon avronu qazanmaq üçün 2004-cü ildə 170200, 2005-ci ildə isə 188400 kitab satmalı idi. Həqiqətdə isə təşkilatın 2007-ci ildə kitab satışından gəliri 230 min dollar təşkil edib.

"Sərhədsiz Reportyorlar"ın saytında bu təşkilatın hər hansı bir nəşrini sifariş etmək cəhdləri, satış, qiymət və nəşrin mündəricatı barəsində heç bir məlumat verilmir.

Con Çerianın Hindistanın "Frontline" jurnalında dərc olunan məqaləsində deyilir: ""Sərhədsiz Reportyorlar"ın "qərbin xüsusi kəşfiyyat xidmətləri ilə sıx əlaqəsi var", "Kuba Rober Menarı MKİ-i ilə əlaqələr üzrə qrupun başçısı adlandırıb".

Rəsmən söz azadlığını müdafiə etməli olan təşkilat Vaşinqtonun siyasi planlarını həyata keçirir və informativ-psixoloji müharibələrdə adi silaha çevrilib. Bəlkə Vaşinqtonun hüquq və azadlıqlarla bağlı təsirli nitqlərinə son verməlidir? Vicdanla "Kim bizimlə deyilsə, bizə qarşıdır" demək daha yaxşı olmazmı? Belə olduğu təqdirdə, hər şey öz yerini tutar və "Sərhədsiz Reportyorlar" kimi təşkilatların təmin edilməsi üçün vəsaitlərin xərclənməsinə ehtiyac qalmaz.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin R.Menarı qəbul etməsinə baxmayaraq, adıçəkilən təşkilat sistemli və müntəzəm şəkildə ölkə hökumətini ifadə və söz azadlıqlarını pozmaqda günahlandırır. Təşkilat ötən ilki hesabatına Azərbaycanda guya həbs edilən 12 jurnalistin adını daxil edib. Bu addımı atmaqda məqsəd ölkəmizi Çin və İran kimi ölkələrlə bir sırada təqdim etməkdir.

"Sərhədsiz Reportyorlar"ın islamofobiya mövqeyinə daha bir nümunə təşkilatın Türkiyəyə qarşı münasibətidir. "Sərhədsiz Reportyorlar"ın indeksində Türkiyə 180 ölkə arasında 154-cü yerdədir. Ölkənin reytinqi baş verən dəyişikliklərə baxmayaraq, 2012-ci ildən dəyişilməyib.

2013-cü ilin indeksində İraq 153-cü yeri tutub. Komitənin hesabatında qeyd olunur ki, bu ölkədə 2013-cü ildə 10 jurnalist öldürülüb. Bununla belə, İraqın reytinqi bu dövr ərzində 1 jurnalistin belə öldürülmədiyi Türkiyənin reytinqindən yüksəkdir.

Lakin ən əsas məsələ odur ki, R.Menar kimi şəxslər və "Sərhədsiz Reportyorlar" kimi təşkilatlar heç vaxt öz burunlarının dibində baş verən problemləri həll etməyə çalışmırlar.

Məsələn, Amerikanın nüfuzlu "Huffington Post" qəzeti bir müddət əvvəl yazırdı: "R.Menar "başdan ayağa qədər satılıb" və "hər il təşkilatın dərc etdiyi mətbuat azadlığı indeksi müəyyən sponsorların zövqünə uyğun tərtib edilir".

Nə qəribədir ki, səs-küylü qalmaqallarda adı çəkilən belə satqın, rasist individlər və təşkilatlar Azərbaycanın reytinqini tərtib etməyə və ölkəmizi "qeyri-demokratiya" nümunəsi kimi təqdim etməyə çalışır.

Təhlil xüsusi olaraq Trend üçün hazırlanıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti