Azərbaycan, Bakı, 27 iyun /Trend/
Hazırda Bakıda keçirilən və Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilmiş I Avropa Oyunları sayəsində Avropanın Amerika və Asiyanın artıq malik olduğu kimi qitə oyunları olacaq. Bu, özündə dözümlülük, hörmət və düzgün oyun prinsiplərini daşıyan idman bayramına, universal dəyərlərin festivalına çevriləcək.
Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatı, Parisin VII rayonunun meri Raşida Datinin Fransanın "L'Opinion" qəzetində I Avropa Oyunlarına həsr edilmiş "Bəlkə keçmiş səhvlərimizdən dərs çıxartmağın vaxtı çatıb?" məqaləsində deyilir.
R.Dati yazır ki, I Avropa Oyunlarının təşkilini Azərbaycana həvalə etmək amansız tənqid predmetinə çevrildi: "Hələ də yaxşı tanınmayan Qafqazın bu kiçik ölkəsi hazırda Avropada yaxşı imicə malik deyil. İnsan haqları ilə bağlı problemlər sadalanır və yalnız bu barədə danışılır. Bəli, Azərbaycanda hər şey mükəmməl deyil. Axı hər şey harada mükəmməldir ki? Bəli, çox vaxt Qafqazın mirvarisi adlandırılan ölkə hələ səylər göstərməlidir. Lakin bu bizə haqq qazandırmamalı, Avropa da öz məsuliyyətini kiminsə üzərinə atmamalıdır. Məsuliyyətimiz Avropa İttifaqı, onun üzv dövlətləri və xüsusilə də Fransa ilə əlaqələrin dərinləşməsini arzulayan ölkənin uzatdığı əli geri çevirməməkdən ibarətdir. Aİ "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla dialoq həyata keçirir. Fransa da həmçinin. Prezident Ollandın bu yaxınlarda Bakıya səfər etməsi bunun təsdiqidir".
Merin sözlərinə görə, bu dialoqu "real siyasət" səviyyəsinədək endirmək olmaz: "Azərbaycanı islahatlarında müşayiət etmək, ölkənin həyata keçirdiyi səyləri dəstəkləmək, yəni dünyanın bu hissəsində olduqca həssas tarazlığa nail olmaq üçün işləmək lazımdır, başqa sözlə, qərəz olmadan hər şeyi müzakirə etmək lazımdır".
R.Dati qeyd edib ki, İran və Rusiyanın qonşusu olan, həmçinin Ukraynanın yaxınlığında yerləşən Azərbaycan sabitlik nümunəsidir və bunu möhkəmləndirmək lazımdır: "Məlum olduğu kimi, Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı uzun illərdir Yerevanla münaqişə vəziyyətindədir, bununla belə, ölkənin sabitliyinə yalnız heyrətlənmək olar".
Məqalədə deyilir ki, belə sabitliyin əsas səbəblərindən biri ölkədə tətbiq edilən mötədil islamdır: "Azərbaycanlıların 94 faizi müsəlmandır. Azərbaycan xalqı özünün müsəlman irsi ilə fəxr edir, lakin ölkənin hər yerində olduğu kimi Bakıda sadəcə olaraq radikal islam təhlükəsi yoxdur. Azərbaycan cəmiyyətində qadınların oynadığı rol xüsusilə heyrətə salır, hələ 1918-ci ildə səsvermə hüququ əldə edən qadınlar başlarının örtülü və açıq olmasından asılı olmayaraq Bakının küçələrində başlarını dik tutub gəzirlər. İnsanlar təzyiq, məcburiyyət və göstəriş xatirində olmadan tam azad formada islama riayət edirlər".
R.Datinin sözlərinə əsasən, öz tarixi, Qərblə Şərq arasında coğrafi mövqeyilə fəxr edən Azərbaycan mədəniyyətlər arasında özünü birləşdirici halqa mövqeyində görür: "Bu, mədəniyyətlərarası dialoqda özünü lider kimi görmək istəyən ölkədir. O bu məsələdə YUNESKO, Avropa Şurası və ya İSESKO kimi üzv olduğu təşkilatlarla sıx əlaqədə işləyir. Bakı hazırda Avropa Oyunları ilə yaşayır. Buna rəğmən, Avropa tərəfindən Azərbaycan xalqına ölkənin etimad hissi yaratmayan imici geri qaytarılır. Orada belə münasibətin yaratdığı acı, deyə biləcəyimiz məyusluq artıq hiss edilir".
Mer vurğulayır: "Bununla da biz Avropada öz məsuliyyətimizi etiraf etməliyik. Sözlər əməllərlə uyğun gəlməyəndə Azərbaycan rəhbərliyi ilə danışmaq lazımdır. Öz tənbəlliyi ucbatından və belə asan olduğundan onları qınamaq əvəzinə danışmaq və inandırmaq lazımdır. Azərbaycan irəliləyəndə onu dəstəkləyək. Çünki özümüzlə lovğananda çox şey itirmək riskilə üzləşirik. Tarix, hətta lap yaxın tarix bizə nümayiş etdirdi ki, ölkəni saymayanda, yalnız buraxanda və ya laqeyd münasibət bəsləyəndə onun radikallaşmasında günahkar oluruq. Bəlkə keçmiş səhvlərimizdən dərs çıxarmağın vaxtı çatıb?"