Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmirə səfəri çərçivəsində Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə tamamilə yeni və keyfiyyətli mərhələ başlayıb. Ölkədə müasir məktəb binaları, yeni tədris korpusları inşa olunur, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib.
Yeni məktəb binalarının inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin binasının inşası bunu bir daha aydın göstərir. Regionlarda bu cür məktəb binalarının yaradılması həm də ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.
Dövlətimizin başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi, yaradılan şəraitlə tanış oldu.
Təhsil naziri Mikayıl Cabbarov məlumat verdi ki, 624 şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında inşa olunub. İnşaat işlərinə 2014-cü ilin oktyabr ayında başlanılıb və işlərin keyfiyyətlə, həmçinin qısa müddət ərzində yekunlaşdırılması üçün bütün zəruri addımlar atılıb. Ümumi sahəsi 2 min kvadratmetrə yaxın olan binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Məktəbin ərazisində idman meydançası salınıb. Üç mərtəbədən ibarət bina 53 otaqdan, o cümlədən 26 sinif otağından, linqafon, hərbi, kompyuter otaqlarından, hər biri 2 ədəd olmaqla kimya, fizika, biologiya fənn kabinetlərindən, idman zalından və 156 yerlik yeməkxanadan ibarətdir. Məktəbin 96 yerlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Dövlətimizin başçısı təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.