...

Mübariz Əhmədoğlu: İran yalnız Ermənistan üçün faydalı iqtisadi əlaqələr fəlsəfəsini qarşılıqdı iqtisadi əlaqələr fəlsəfəsi ilə əvəzləyib

Siyasət Materials 10 Noyabr 2015 10:49 (UTC +04:00)
İranın vitse-prezidenti Eshaq Cahangiri Ermənistana səfəri zamanı Ermənistanla münasibətlərin inkişafı üçün heç bir problemin olmadığını bildirdi. Böyük nümayəndə heyətilə Ermənistanda çoxsaylı görüşlər və biznes forum keçirdi, Göy məscidi ziyarət etdi. Onun səfəri ərəfəsində Ermənistan rəsmilərinin, xüsusilə baş nazir O.Abramyanın Göy məscidə diqqəti artmışdır.
Mübariz Əhmədoğlu: İran yalnız Ermənistan üçün faydalı iqtisadi əlaqələr fəlsəfəsini qarşılıqdı iqtisadi əlaqələr fəlsəfəsi ilə əvəzləyib

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

İranın vitse-prezidenti Eshaq Cahangiri Ermənistana səfəri zamanı Ermənistanla münasibətlərin inkişafı üçün heç bir problemin olmadığını bildirdi. Böyük nümayəndə heyətilə Ermənistanda çoxsaylı görüşlər və biznes forum keçirdi, Göy məscidi ziyarət etdi. Onun səfəri ərəfəsində Ermənistan rəsmilərinin, xüsusilə baş nazir O.Abramyanın Göy məscidə diqqəti artmışdır.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, O.Abramyan E.Cahangiri ilə birlikdə Göy məscidin tikilməsinin 250 illiyinin qeyd olunması mərasimində iştirak etdi: "İranın Ermənistanla iqtisadi əlaqələrə konseptual baxışı dəyişib. İran yalnız Ermənistan üçün faydalı iqtisadi əlaqələr fəlsəfəsini qarşılıqdı iqtisadi əlaqələr fəlsəfəsi ilə əvəzləyib. Ermənistan əgər İran üçün Avropaya tranzit olmağı təklif edirsə, indi İran da Ermənistana Fars Körfəzinə çıxmağı təklif edir. İranın mövqeyi, bəlkə də hiyləgərliyi aydındır. Ermənistan öz imkanlarını şişirdilmiş formada İrana təqdim edib. İranın fikrincə, əgər Rusiya Ermənistanın müttəfiqidirsə, o zaman, qoy, Rusiya Mərkəzi Asiya və ya başqa dövlətlər vasitəsilə deyil, məhz Ermənistan ərazisilə ona çıxsın. Belə tranzit İran üçün də iqtisadi baxımdan faydalıdır. İran üçüncü yüksək gərginlikli elektrik xəttinin də tikintisini başlamayıb. Səbəb Ermənistanın bu proyekti ucuz qaz əvəzində Rusiyaya verməsidir.

Politoloq qeyd edib ki, Şimal-Cənub avtomobil yolunun və Ermənistan-İran dəmiryolunun tikintisilə bağlı Ermənistan əvvəlki ritorikanı davam etdirməyə səy göstərdi: "Alınmadı. İranın Ermənistandakı ekspertləri İran-Ermənistan dəmiryolunun tikintisi üçün lazımi miqdarda yük və ya mal bazasının olmadığını gündəliyə gətirdilər. Ermənistan rəhbərliyi də indi Ermənistan-İran dəmiryoluna əvvəlki qədər diqqət ayırmır. Bunun mif olduğunu başa düşüblər. Əsas Çinlə aparılmış danışıqlara ümidli olsalar da, Pekindən gələn iqtisadi mesajlar göstərir ki, Çinin Ermənistan-İran dəmiryoluna marağı yoxdur. İranın Ermənistanla əlaqəli mövqeyinin fəlsəfi əsasının dəyişməsinin əsas səbəbkarı Azərbaycandır. İran üçün Azərbaycan Respublikası ilə əlaqələr Ermənistana nisbətən hərtərəfli və dəfələrlə əhəmiyyətlidir. İranın "Şimal-Cənub" avtomobil yolunun tikintisində heç bir iştirakı yoxdur. Əslində, bu tikinti güclü korrupsiyanın hesabına iflasa uğrayıb".

Mərkəz rəhbəri sonra deyib ki, tikintini aparan İspaniya şirkəti ölkəni tərk etmək istəsə də, ona qarşı cinayət işi açıldı: "İran Ermənistanla dəmiryolu və avtomobil yolu marşrutunu vaxtilə mövcud olmuş marşrutlarla davam etdirmək niyyətindədir. Ona görə vaxtaşırı Naxçıvandan keçən dəmiryolunun bərpası ideyası gündəliyə gətirilir. İranın Ermənistana iqtisadi əməkdaşlıq təklifi hal-hazırda 3 sferanı əhatə edir:

a) "Qaz əvəzinə elektrik enerjisi" layihəsini daha da gücləndirmək. Bunun üçün İran hər gün əlavə 1 milyon m3 qaz vermək istəyir. Eləcə də Ermənistandan aldığı elektrik enerjisinin şərtini də dəyişməyə çalışır. İndi 1 m3 qaz 3 kVt elektrik enerjisinə dəyişdirilir. İranın Ermənistana ucuz qaz vermək niyyəti olsa da, İran bunu su ilə əvəzləmək istəyir. Sevan gölündən su alıb Urmiyaya çatdırmaq barədə ciddi təşəbbüslər Ermənistanda ciddi narazılıq yaradıb. Ömrü boyu Sevan problemi ilə məşğul olmayan S.Sərkisyan İranın niyyəti bəlli olan kimi özünün sədrliyilə Sevanla bağlı iclas keçirdi;

b) İkinci sahə kənd təsərrüfatı sahəsidir. Ermənistanda Ararat vilayətində iri sallaqxana tikilib. İran mollalarının iştirakı ilə mal və qoyun islami qaydada kəsilir, emal olunub İrana göndərilir. O cümlədən İran Ermənistandan diri mal-qara və qoyun da alır. İran Sünik vilayətində təxminən 12 min hektar ərazini otlaq kimi icarəyə götürmək niyyətindədir. Ermənistan buna hələ razılıq verməyib;

c) Üçüncü sahə IT sahəsidir. İran Ermənistanla birlikdə müəssisələr təşkil edib digər dövlətlərin bazarlarına yol tapmaq istəyir. Eləcə də özündə çatışmayan bəzi məhsulların istehsalını da erməni mütəxəssislərlə birlikdə qurmaq istəyir.

M.Əhmədoğlu vurğulayıb ki, İranın Ermənistanla iqtisadi münasibətlərini hal-hazırda bundan çox artırmağa imkan yoxdur:

ı. Ermənistan müstəqil dövlət deyil.

ıı. İranın AİB-in Ermənistandan qat-qat artıq iki üzvü olan Rusiya və Qazaxıstanla dəniz əlaqəsi var. Ona görə AİB üçün tranzit olmaq iddiası da keçərsizdir. AİB üzvü olan Ermənistanın adından İranda bəzi məhsullar istehsal oluna bilər. Vergi güzəştlərinin rəqəmi çox kiçikdir deyə bu da rentabelli olmayacaq. Eynilə bu qaydada İran Rusiyanın tutaq ki, Dağıstan regionundan bəzi şirkətlərinin öz ərazisində istehsal sahəsini yarada bilər. Ermənistan bu rəqabətə davam gətirməyəcək.

ııı. Ermənistanın Livandakı fəaliyyəti və Vorotan SES-i satması və digər antiiran əməlləri İranın nəzərindədir. İran susursa, deməli məqsədi var.

ıv. Ermənistanda işləyən İranın iş adamları Ermənistanda onlara qarşı olan münasibətdən xeyli narazıdırlar. Böyük əksəriyyəti müəssisəsini Gürcüstan ərazisinə keçirib.

v. Oktyabr ayında Yerevanda biznes-forum keçirilməsinə baxmayaraq, noyabrda növbəti biznes-forumun İranda keçirilməsi qərara alındı. Bu iki ölkə arasında iqtisadi münasibətlərdə aydınlığın hələ yaranmadığının göstəricisidir.

Politoloq hesab edir ki, Tehran biznes-forumunda iştirak edən Ermənistan nümayəndə heyətinin tərkibi və bu biznes-forumun yekunları Ermənistan-İran münasibətlərinin yaxşı vaxtının Əhmədinecad dövründə qaldığını bir daha sübut etdi: "Nəqliyyat naziri Q.Beqlaryanın və Energetika naziri Y.Zaxaryanın Tehrandakı biznes-forumunda iştirakına zərurət olmadı. İranın Ermənistandakı səfiri M.Rəisi fəaliyyətini başa çatdırdı. Onu qəbul edən S.Sərkisyan İran-Ermənistan münasibətlərini "həyati münasibətlər" adlandırdı. Az keçmiş İranın Ermənistandakı yeni səfiri Seyid Kazım Səcadi fəaliyyətə başladı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti