Bakı. Trend:
Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Taylandda, Chang Rayda Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoonla və mərkəz üzvləri ilə görüşüb.
Trend-in məlumatına görə, görüş zamanı Q.Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı Soyqırımı barədə ətraflı məlumatlar verib.
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var.
Millət vəkili Kral Layihələri Mərkəzinin rəhbəri Poobet Muangmoon və mərkəz üzvlərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib.
Q.Paşayeva onlara Azərbaycanla bağlı bütün istiqamətlərdə geniş məlumatlar verib və sualları cavablandırıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kral Layihələri Mərkəzinə Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı materiallar, tanınmış modelyer Gülnarə Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işini hədiyyə edib.