Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Dövlət başçısı, həmçinin təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.