...

Mübariz Əhmədoğlu: Ermənilər dini qarşıdurmalardan resurs əldə edirlər

Siyasət Materials 12 Fevral 2016 10:35 (UTC +04:00)
Ermənistanın xristianlığı ilk qəbul edən dövlət olması saxta tezisini prezident S.Sərkisyan 2007-ci ildə baş nazir qismində ABŞ-da olarkən dövriyyəyə buraxdı.
Mübariz Əhmədoğlu: Ermənilər dini qarşıdurmalardan resurs əldə edirlər

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Ermənistanın xristianlığı ilk qəbul edən dövlət olması saxta tezisini prezident S.Sərkisyan 2007-ci ildə baş nazir qismində ABŞ-da olarkən dövriyyəyə buraxdı. Heç kim bu tezisi həqiqət kimi qəbul etmədi. Hətta Vatikan bu tezisi inkar etdi.

O, zaman S.Sərkisyan Ermənistanı xristianlığın Şərqdəki ən son qalası adlandırdı. Məqsəd bəlli idi, sonradan lap aydınlaşdı. Ermənistan rəhbərliyi Dağlıq Qarabağda işğalçılıqlarını möhkəmləndirmək üçün islam-xristian qarşıdurması yaratmağı da qarşılarına məqsəd qoymuşdu. O vaxt Yaxın Şərqdə vəziyyət xeyli sabit idi. Yalnız ermənilər üçün müəyyən narahatlıq var idi. Erməni Apostol kilsəsi İraq yeparxiyasının başçısı A.Asaduryan İraq ermənilərini ABŞ-ın antiiraq koalisiyasına qoşmuşdu. Erməni arxiyepiskopunun başladığı prosesin nəticəsi bu gün bəllidir: İraqı təxminən 1,5 milyon xristian tərk edib; Onun ancaq 25 mini ermənidir.

S.Sərkisyan hakimiyyətə gəldikdən sonra isə erməni xristianlığının ən siyasiləşmiş səhifələrini yada saldı və bu istiqamətdə fəaliyyət göstərdi. Bu istiqamətdə 3 addım atdı:

I. İran ərazisinin böyük bir hissəsini qədim erməni, xristian ərazisinin olmasını sübut etmək istiqamətində fəaliyyətə başladı. Bu, istiqamətdə Vatikanla danışıqlar başlandı, müəyyən razılaşmalar əldə olundu. Rəsmi Yerevan Əhməd Necad hökumətini İran ərazisində erməni və Vatikan arxeoloqlarının birgə tədqiqatlar aparmasına razı sala bildi. Amma arxeoloji tədqiqatlar nəticəsində əldə olunan məlumatlar Vatikanı qane etmədiyi üçün bu mövzu qapandı.

II. S.Sərkisyan Apostol xristianlığının Rusiyada yayılması tapşırığını verdi. Bu "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Ermənistanın üzərinə götürdüyü antiRusiya öhdəliklərdən biri idi. Guya Rusiyadakı xristianlar Apostol xristianı deyil, Apostol xristianlığı Rusiyada yayılmalıdır. Bu məqsədlə Moskvada böyük ölçüdə erməni Apostol kilsəsi tikildi. S.Sərkisyan Rusiyanın bir sıra rəhbərlərini bu kilsənin açılışına qata bildi. Az sonra rus Pravoslav kilsəsi ermənilərin niyyətinin qarşısını ala bildi.

III.S.Sərkisyan Vatikanla çox ciddi və mürəkkəb razılaşmaya getdi. Vatikan "erməni soyqırımını" tanıdı. "Erməni soyqırımını" stalinizmlə müqayisə etdi. Hətta Ukrayna ermənilərinin liderlərindən olan A.Avakov qolodomoru soyqırım kimi tanımaqla Vatikanla danışıqlara başladı. Sadəcə erməni katoliklərinin Vatikanda böyük nüfuza malik olan lideri XIX Nerses öldüyünə görə bu proses yarımçıq qaldı. Əvəzində S.Sərkisyan Ermənistanda katolik kilsəsinin tikilməsinə şərait yaratdı. Dini qanunlara görə, bu erməni qriqorianlığının Apostol dini olmamasının Ermənistan rəhbərliyi tərəfindən təsdiqi idi. Çünki katoliklər Ermənistanda ibadət ocağı deyil, məhz kilsə tikmişdi. Bununla da Vatikan da erməni qriqorianlığının Apostol dini olmadığını təsdiq etdi. S.Sərkisyanın Ermənistanda rus şəhəri sayılan Gümrüdə tikdirdiyi katolik kilsəsi Qafqaz, Türkiyə, İran və Şərqi Avropada prozelitizm ilə məşğul olacaq.

Roma Papası Fransisk "erməni soyqırımının" tanımasına mövqeyini dəyişməli oldu. 10 ay bundan öncə aprelin 12-də Vatikandakı liturgiyada "erməni soyqırımını" XX əsrin ilk "soyqırımı" adlandıran Fransisk bu il fevralın əvvəlində 1915-ci ilin hadisələrini böyük faciə adlandırdı. Vatikan Türkiyə ilə münasibətləri istiləşdirməyə başladı. Çünki Yaxın Şərqdəki xristianlığın qorunmasında Türkiyənin rolu əvəzsizdir. Yaxın Şərqdə xristianlığın qorunmasında ən çox xidməti olan dövlət isə Rusiyadır. Rusiya dövləti Moskva və Bütün Rusiyanın Patriarxı II Kirilə tam qulaq asır. Çünki Kiril din xadimi olduğu qədər həm də etatistdir. Elə bu səbəbdən Kiril Türkiyə ilə münasibətləri normallaşdıra bilmir. Amma Türkiyənin Yaxın Şərqdəki xristianlığın xilasında rolunu dərk edir. Ona görə, Kiril güzəştə getməli olduğunu dərk etdi. Amma bu güzəşti Türkiyəyə deyil, Vatikana etdi. Ukraynadakı Yunan-roma katoliklərinin dini mənşəyini müzakirə etmədən Roma Papası Fransisklə görüşə razılıq verdi. Vəziyyətin belə gedişi Roma Papasının Türkiyə ilə münasibətləri normallaşdırmasını da nəzərdə tutmuşdu.

Yaxın Şərqdəki xristianlar 2011-ci ildən etibarən öz fəaliyyətlərini dünyanın siyasi dairələri ilə deyil, Rus Pravoslav Kilsəsi və Vatikanla əlaqələndirir. Bu halda, Yaxın Şərqdə xristianlığın məsələsi ən azı bu qədər siyasiləşməzdi. Yaxın Şərqdəki erməni dini rəhbərləri bu prosesə qoşulmadılar. Xristianlığın davranışını siyasiləşdirməklə məşğul oldular. Məhz bu səbəbdən erməni dini liderlər Patriarx Kirilin Yaxın Şərq regionundakı tədbirlərin boykot etdilər. Ermənilər Yaxın Şərq xristianlığının təsirli hissəsi idi. İndi Suriyada 100 minlik erməni icmasından cəmi 8000 qalıb. Yaxın Şərqdə külli miqdarda tarixi abidələr dağıdılıb, bəzi xristian abidələri dağıdılıb. Hadisələr belə inkişaf edərsə, Yaxın Şərqdə xristianlar və xristianlıq tarixi sıradan çıxacaq.

Dini konfliktogenlik ermənilər üçün həmişə geosiyasi divident rolunu oynayıb. Avropanın, ümumilikdə Qərbin aparıcı siyasətçiləri ermənilərin davranışının mahiyyətini başa düşə bilmirlər. Xristian amilini əsas götürüb onları müdafiə edirlər. Bu isə Yaxın Şərqdə islam-xristian qarşıdurmasını daha da gərginləşdirə bilər.

Dağlıq Qarabağda təxminən 45 min yerli erməni yaşayır. Bu yerli erməninin təhlükəsiz inkişafı üçün heç bir təhlükə yoxdur. Deyilən bütün təhlükələr erməni mağara millətçiliyinin məhsuludur. Bu psixologiyada olan ermənilər hələ uzun müddət Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti