...

Elmira Süleymanova: Özbaşınalığın hökm sürdüyü dövrdə müstəqilliyimiz təhlükə altına düşmüşdü

Siyasət Materials 17 Oktyabr 2016 11:11 (UTC +04:00)
“Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür.
Elmira Süleymanova: Özbaşınalığın hökm sürdüyü dövrdə müstəqilliyimiz təhlükə altına düşmüşdü

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. Dövlət müstəqilliyinin yenidən bərpasından ötən dövr müstəqil Azərbaycanın ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur”. Trend-in məlumatına görə, bunu İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, XX əsrin sonunda ölkəmiz yenidən dövlət müstəqilliyini bərpa etdi: “İstiqlalın əvəzedilməzliyini dərk edən xalq müstəqilliyinə yenidən qovuşmalıydı. Beləliklə, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Yeni bir tarixi şans kimi 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbul olunması Azərbaycan Respublikasında dövlət quruluşunun, milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sahələrinin tənzimlənməsində, davamlı inkişafın, rifah və məmnunluq səviyyəsinin təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu. Bu mühüm tarixi sənəd xalqımızı bir daha azadlığına qovuşdurdu. Lakin ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. Demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi”.

E.Süleymanova vurğulayıb ki, erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərinə təcavüzü və işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu: “Bu proseslər gənc müstəqil ölkənin sabitliyi üçün böyük təhlükə və çətin sınaq idi. 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsi açdı. 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev oldu. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti