...

Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib (FOTO)

Siyasət Materials 29 Noyabr 2017 20:34 (UTC +04:00)
Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib
Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə simpozium keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlində Azərbaycanın Almaniyadakı səfirliyi, Strateji Araşdırmalar Mərkəzi, Berlin Azad Universiteti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, eləcə də Almaniyanın “Business & Diplomacy” jurnalının media dəstəyi ilə elmi simpozium keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurların, eləcə də Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzün Almaniya ictimaiyyətinə tanıtdırılması üçün bu kimi tədbirlərin əhəmiyyətindən danışıb.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin möhkəm tarixi əsaslara malik olduğunu bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə 2017-ci ildə ölkəmiz tərəfindən bir sıra tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Səfir iki ölkə arasındakı münasibətlərin bugünkü vəziyyətini xülasə edərək, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı vurğulayıb. R.Həsənov həmçinin Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətindən, diplomatik münasibətlərin qurulmasından bəri iki ölkə arasında əlaqələrin davamlı inkişafından və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. Andreas Peşke Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyətini vurğulayıb və bildirib ki, status kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk Qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını bildirib.

Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında Azərbaycanın yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasətin xüsusiyyətlərini təhlil edib, ölkəmizin xarici siyasətində Almaniya və Avropa İttifaqı ilə münasibətlərin yeri və rolundan danışıb. Natiq ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqda saziş layihəsinə dair danışıqlar apardığını qeyd edib, sözügedən sazişin tərəflər arasında münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Məmmədov Azərbaycanın öz tərəfdaşlarından ərazi bütövlüyünə birmənalı dəstək gözlədiyini bildirib.

Daha sonra Berlin Azad Universiteti adından həmin universitetdə fəaliyyət göstərən SED tədqiqat qrupunun layihə rəhbəri Ute Şmit tədbir iştirakçılarını salamlayıb. Ute Şmit təmsil etdiyi tədqiqat qrupunun fəaliyyəti və layihələri barədə məlumat verib və qeyd edib ki, sözügedən tədqiqat qrupu həm də Azərbaycan-Almaniya münasibətlərinin tarixinə dair araşdırma aparır. Ute Şmit həmçinin gələn il Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100-cü ildönümü münasibətilə Berlin Azad Universitetində simpozium keçiriləcəyini bildirib.

Daha sonra tədbirdə panel müzakirələri keçirilib.

Tədbirin birinci hissəsində Berlin Azad Universitetinin tədqiqatçısı, diplomatiya tarixi üzrə mütəxəssis Enriko Seevald “Azərbaycanda ilk alman dövlət nümayəndəliklərinin yaradılmasından iki ölkə arasında diplomatik münasibətlərin qurulmasınadək” mövzusunda məruzə ilə çıxış edib.

Enerji siyasəti və diplomatiya üzrə mütəxəssis Matias Dornfeldin aparıcılıq etdiyi paneldə həmçinin Berlin Humbolt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria Aux, Reyn-Pfalts federal torpağının landtaqının keçmiş deputatı, mədəniyyətlərarası ünsiyyət üzrə mütəxəssis Rəhim Şmit və Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Vüqar Qafarov iştirak ediblər. Müzakirələrdə Azərbaycanda alman məskənlərinin tarixinin araşdırılması və təşviq edilməsinin əhəmiyyəti, iki ölkə arasında münasibətlərin tarixinin alman elminə və ictimaiyyətinə tanıtdırılması üçün görülən işlər, Azərbaycana xas olan multikultural dəyərlər və dini tolerantlığın Almaniyada təqdim edilməsi, Azərbaycan gənclərinin Almaniya və Almaniya gənclərinin Azərbaycan haqda daha dərin məlumatlara yiyələnməsi üçün mövcud olan elm, təhsil və digər imkanlar təhlil edilib.

Tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Avropa İttifaqı üzrə mütəxəssisi İlqar Qurbanov “Azərbaycan-Avropa İttifaqı münasibətləri: uğurlu əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru” mövzusunda məruzə ilə çıxış edib.

“Business & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılıq etdiyi ikinci paneldə Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse, Potsdam Universitetinin iqtisadi siyasət üzrə professoru Vilfrid Fuhrman, Qissen Universitetinin türkologiya üzrə müəllimi Mixael Hess, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nəqliyyat və loqistika üzrə mütəxəssisi Mahir Hümbətov iştirak ediblər. Müzakirələrdə Azərbaycanın multikultural ənənələrinə söykənərək yürütdüyü uğuru regional siyasəti və beynəlxalq əməkdaşlığı, ölkəmizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi transmilli layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib. Paneldə həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin regional sülh və inkişafa təhlükə yaratdığı vurğulanıb və Avropa İttifaqının münaqişənin ədalətli həlli üçün səylərini artırmalı olduğu bildirilib.

Simpoziumda Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti