...

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir

Siyasət Materials 23 Mart 2018 08:00 (UTC +04:00)
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir.
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün Azərbaycan seçicisi ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və dövlət başçısının fəaliyyətinə böyük ümid bəsləyir".

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova deyib.

H.Hüseynovanın sözlərinə görə, hər bir vətəndaş təhlükəsiz yaşamaq, daim inkişaf etmək, arzularını reallaşdırmaq, cəmiyyətdə özünü təsdiq etmək, ən əsası, gələcəyindən arxayın olmaq istəyir: "Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının prezidenti kimi təsdiqləyən lideri olsun".

Dövlət Komitəsinin sədri qeyd edib ki, dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, dözümsüzlüyü, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edilir: "Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsiz, tolerant və mehriban şəraitdə yaşayırlar. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz buna təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində nail olmuşuq".

O əlavə edib ki, 26 illik müstəqillik tariximizin son 15 ili xüsusilə önəmlidir: "Tarix üçün 15 il çox qısadır, amma bu müddət addım-addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Dövlət başçısı bu müddət ərzində ümummilli lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət yürüdüb".

H.Hüseynova qeyd edib ki, bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibinə çevrilib: "Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə "Eurovision", Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni, siyasi və idman tədbirləri keçirilib. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarını nəzərdə tutan müqavilənin 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, eləcə də energetika, neft-qaz sahəsində nəhəng, irimiqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir".

YAP Siyasi Şurasının üzvü bildirib ki, ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, nəzərəçarpan yüksəliş baş verib.

H.Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir:

"Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Və biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi və idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. İqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artıb. Yeni infrastrukturun yaradılması, rayon və kəndlərə yolların çəkilməsi, onların qazlaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılıb".

O əlavə edib ki, bu gün ölkəmizdə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunub. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb:

"Həssas sosial təbəqələrin, o cümlədən, kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində ailələrin sayının artması, erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayının azalmasına nail olunub. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin sadəcə bir hissəsidir".

H.Hüseynova qeyd edib ki, Milli Məclisdə qadınların kişilərə nisbəti 1990-cı ildə 4,3%, 2000-ci ildə 10,7%, 2010-cu ildə 16%, 2015-ci ildə isə 16,8% olub: "Bələdiyyəyə seçilmiş qadınlar isə 2004-cü ildə 4%, 2009-cu ildə 26,5%, 2014-cü ildə 35%-ə çatıb. Son illər demək olar ki, bütün yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri mütləq qadındır. Əhalinin 50,1%-ni təşkil edən qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə də geniş təmsil olunurlar. Səhiyyə, təhsil, elm, ordu, idman, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti