...

Serbiyalı diplomat: Prezident İlham Əliyev bütün regionun rifahına çalışır

Siyasət Materials 9 Aprel 2018 19:00 (UTC +04:00)
Serbiyanın Misirdəki keçmiş səfiri Draqan Biseniçin "Damas" saytında "Azərbaycan və Serbiya necə dost oldular" sərlövhəli məqaləsi dərc olunub.
Serbiyalı diplomat: Prezident İlham Əliyev bütün regionun rifahına çalışır

Bakı. Trend:

Serbiyanın Misirdəki keçmiş səfiri Draqan Biseniçin "Damas" saytında "Azərbaycan və Serbiya necə dost oldular" sərlövhəli məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, müəllif məqaləsində qeyd edir: "Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevlə ilk dəfə təxminən 20 il əvvəl, mən Strasburqda Avropa Şurasında müxbir işləyəndə, o isə Azərbaycan nümayəndə heyətinin rəhbəri və Azərbaycan müşahidəçi qismində bu yeganə panavropa qurumunun üzvü olmağa can atarkən tanış oldum. İlham Əliyev həmin zaman Dövlət Neft Şirkətinin rəhbəri idi. Serbiya, daha doğrusu, həmin vaxt Yuqoslaviya İttifaq Respublikası öz müasir tarixinin ən çətin üç ayını və NATO dövlətləri tərəfindən bombardmanı arxada qoymuşdu. Mən müntəzəm şəkildə bu təşkilatdakı deputatlardan müsahibələr götürürdüm və beləliklə, İlham Əliyevlə də görüşdüm. O, elə həmin anda mənə və mənim xalqıma özünün və xalqının rəğbətini ifadə etdi. Mən, əlbəttə, Xəzər regionunun “Asiyanın Balkanları” adlandırıldığını bilirdim. Bunu mənə həm də bir neçə dəfə bu kəlmənin müəllifi Zbiqnev Bzejinski izah etmişdi. Amma nə qədər uzaq və ya hər hansı bir şəkildə qeyri-təbii olursa-olsun, hər bir ölkə və hər bir region unikal və təkrarolunmazdır. Belə bir bənzətmə isə öz-özlüyündə bir-birindən uzaq iki regionu yaxınlaşdıran əsas bir amil idi. Həmin vaxtdan bəri biz hər üç aydan bir Strasburqda Parlament Assambleyasının iclaslarında görüşməyə başladıq.

Mən İlham Əliyevin Avropa parlamentarilərini Azərbaycanı mümkün qədər tezliklə üzv qəbul etməyə inandırmaq, təmkinlik və tərəddüd göstərən Avropa təxəyyülünü daha geniş Avropanın yaradılmasına ruhlandırmaq istiqamətində yorulmaz səylərinin şahidi olmuşam".

D.Biseniç yazır ki, Avropa həmin vaxt öz eyniliyi, sərhədləri və Avropanın harada qurtarması sualları ilə qarşı-qarşıya qalmışdı. Bəziləri üçün isə Azərbaycan belə Avropanın ümumi mənzərəsinə uyğun gəlməyən çox uzaq və naməlum bir məkan idi: "Buna baxmayaraq, İlham Əliyev bu şübhələri və sədləri uğurla dəf etdi, müzakirələrdə və şəxsi görüşlərində deputatları öz tərəfinə çəkə bildi. Bu işdə ona Azərbaycanın son 10 il ərzində əldə etdiyi inkişaf, xüsusilə də onun rəhbərlik etdiyi və ölkənin iqtisadi artımının ürəyi olan neft siyasəti yardım etdi. Nəhayət, 2001-ci il yanvarın ortalarında Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Bu, ən möhtəşəm qəbul mərasimlərindən biri idi.

Bizim müntəzəm görüşlərimizi mən Azərbaycanın hərtərəfli tərəqqisini təqdim edən ilk böyük müsahibə üçün istifadə etdim. 11 sentyabr 2001-ci il tarixində Nyu-York Ümumdünya Ticarət Mərkəzinə hücumdan dərhal sonra götürdüyüm müsahibə müəyyən mənada bu gün üçün də aktuallıq kəsb edir. İlham Əliyev deyirdi ki, onun ölkəsi öz neft sərvətlərindən öz müstəqilliyini möhkəmləndirmək üçün istifadə etməlidir. Lakin bütün oxucuların diqqətini daha çox onun söylədiyi 15 yaşlı oğlanın 1976-cı ildə Yuqoslaviya boyu səfəri ilə bağlı hissə cəlb etdi. O, Belqrad, Sarayevo, Lyublyana, Dubrovnik və Plitvitse şəhərlərinə gəlmişdi. “Bütün bunlar mənim xoşuma gəldi. Mən Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycanda yaşayırdım. Biz fikirləşirdik ki, Yuqoslaviya sosialist ölkəsidir, o da Moskva kimidir. Mən gələndə isə gördüm ki, bura Qərb ölkəsidir. Bu mənim xoşuma gəldi. Mən burada on gün qaldım və istəyirdim ki, bizim ölkəmizdə də belə olsun. Bütün bunlar mənim üçün çox gözlənilməz oldu. Təəssüf ki, o vaxtdan bəri mən oraya getməmişəm, ancaq bunun yenidən baş verəcəyinə əminəm”, - həmin vaxt o deyirdi.

Mən bunun baş verə biləcək bir çağırış olduğunu hiss etdim və ölkələrimiz arasında daha möhkəm əlaqələr qurulmasını təklif etdim. Xoşbəxtlikdən bu müsahibəni oxuyanlar arasında bu fikirləri həyata keçirə biləcək oxşar düşüncəli oxucular da var idi. 2009-cu ildə mənim də təşkilatçılarından olduğum Qoşulmama Hərəkatının yubileyinə həsr olunmuş konfransda Azərbaycanın səfiri Eldar Həsənov da iştirak edirdi. Bu bizim əlaqələrimizdə yeni mərhələnin başlanğıcı idi. Həmin vaxt Belqradda tezliklə Azərbaycan səfirliyinin açılacağını bildirdilər. Bu günlərdə Serbiyanın xarici işlər naziri oxşar səbəblə, Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmiş və Prezident Əliyevlə görüşmüşdür. Bu, iki ölkə və xalq arasında, demək olar, on illərlə əməkdaşlıqla möhkəmlənən sıx əlaqələrin və həmrəyliyin təsdiqidir".

Müəllif əlavə edib ki, Azərbaycanın "AzVirt" şirkətinin Serbiyanın mərkəzində tikdiyi avtomobil şosesi, dostluq parkları və çoxsaylı qarşılıqlı səfərlər bunun nəticəsidir:

"Prezident Əliyev 2011-ci ilin iyun ayında, 35 ildən sonra yenidən Belqrada səfər etdi. Əlbəttə, elə həmin vaxt da iki ölkənin dostluğunun gündəliyi müəyyən edildi. Bu dostluq bu gün də davam edir. Bu gündəlikdə hələ də çoxsaylı layihələr və başlanğıclar var. Bu gün biz əsl Balkanlar və bizim Asiya metaforamız regionlarımızdakı münaqişələri aradan qaldırırıq. Onları hələ bitirməsək də, biz bu istiqamətdə hərəkət edirik. Bu işdə yorulmadan nəinki öz ölkəsinin, hətta bütün regionun rifahına çalışan Prezident İlham Əliyevin böyük xidmətləri vardır. Onun daha uğurla çalışacağına və ölkələrimiz arasında əlaqələrin daha da möhkəm və məhsuldar olacağına inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti