...

Hikmət Hacıyev: Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub

Siyasət Materials 7 Dekabr 2018 15:02 (UTC +04:00)
Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Trend-ə müsahibəsi
Hikmət Hacıyev: Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub

Bakı. Trend:

Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- 6 dekabr tarixində MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz?

- Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti əsasında 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmişdir. Keçən il isə MDB dövlətlərinin qeyri-rəsmi zirvə toplantısı Moskvada keçirilmişdir. Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barəsində geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi zirvə toplantısı əsnasında eyni məqsədlər güdülürdü. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçirildi, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxdılar. Bir məqama da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir.

Zirvə görüşündə Prezident İlham Əliyevin tədbirdə iştirak edən bütün dövlət başçıları ilə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında məzmunlu söhbəti və müzakirələri olub.

- Ermənistanın baş naziri vəzifəsini icra edən edən Nikol Paşinyan ilə də müzakirələr aparılmışdırmı?

- Bəli. Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlər ərzində qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır.

Eyni zamanda söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.

- Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və “hamının hamıya” prinsipinə söykənən mövqeyinə Ermənistanın münasibəti necədir?

- Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.

- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə danışır. Bu barədə nə deyərdiniz?

- Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri olan hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir.

- Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib. Bu barədə nə demək olar?

- Sözügedən məsələ ilə bağlı biz də kütləvi informasiya vasitələrindən məlumat almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının sammitində Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibi məsələsi müzakirə olunub. Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranmışdır. Bizdə olan məlumata əsasən tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaqdır. Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.

- Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?

- Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyildir. Prezident İlham Əliyev bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərinə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi: “Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.

Heç kimə sirr deyil ki, yeni Baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə etmişdir.

Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.

Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” ölkəmizin qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti