Bakı. Samir Əli - Trend:
Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri zamanı sakinlərlə görüşü əhalidə yüksək ruh yüksəkliyi yaratdı.
Bunu Trend-də açıqlamasında bu il fevralın 5-də baş verən zəlzələ nəticəsində yaşadığı evi tam qəzalı vəziyyətə düşən Şamaxı sakini Elmira Həsənova deyib.
E.Həsənovanın sözlərinə görə, dövlət başçısı sakinlərlə səmimi görüşü zamanı onların problemləri ilə maraqlanıb: "Dövlət başçısı hər bir sakinlə ayrı-ayrılıqda görüşdü, problemlərimizlə maraqlandı. Sakinləri bir-bir dinlədi, problemlərin dərhal aradan qaldırılmasına göstəriş verdi. Dövlət başçısı əsas diqqəti zəlzələdən zərərçəkən şəxslərə yönəltmişdi. Prezident bu istiqamətdə görülən işlərlə maraqlandı və sonra prosesin sürətləndirilməsi üçün ciddi tapşırıqlar verdi. Dövlət başçısı sakinlərə bildirdi ki, zəlzələdən zərərçəkən heç kəs problem, çətinlik yaşamayacaq, dövlət evlərin bərpası üçün bütün xərcləri qarşılayır".
Şamaxı sakininin sözlərinə görə, Prezident İlham Əliyev bildirib ki, onun işi yalnız xalqa xidmət etməkdir: "Vətəndaşlar əmindirlər ki, Prezident heç vaxt onları darda qoymayacaq. Azərbaycan dövləti həmişə vətəndaşlarının yanındadır. Biz buna inanmışıq, dövlət başçısı səfəri zamanı bu faktı bir daha təsdiqlədi".
Qeyd edək ki, fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.
Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Şamaxı rayonuna səfərə gəlib.