Bakı. Orxan Cuvarlı - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans – müşavirədəki nitqi pandemik epidemiya ilə mübarizə dövrünə təsadüf etməklə bərabər, həm də strategiya xarakteri daşıyır.
Bunu Trend-ə açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib.
O deyib ki, Prezident İlham Əliyevin çıxışını təhlil edərkən görürük ki, Azərbaycan rəhbəri təkcə 2020-ci ilin pandemiya dövrünün xəritəsini sözlə ifadə etmir, eyni zamanda çoxçalarlı istiqamətlərdə həyata keçirilən tədbirlər planından, sonuncu prezident seçkiləri dövründən etibarən başlayan islahatların davam edəcəyindən, gələcəkdə dövlət qarşısında həyata keçirilməsi reallaşdırılan iqtisadi addımlardan, yanaşmalardan, həllini gözləyən Dağlıq Qarabağ problemindən və s. məsələlərdən geniş bəhs etdi:
"Cənab Prezident İlham Əliyev koronavirus olayının bütün dünyada iqtisadi böhrana səbəb olduğunu bildirdi və qeyd etdi ki, cari ilin ilk iki ayından davam edən inkişaf prosesi mart ayında yavaşısa da, ümumilikdə yenə inkişaf, tərəqqi var. Bütün dünyada problem yaşanır və Azərbaycan da dünyanın bir parçasıdır, amma vaxtında atılan addımlar, görülən tədbirlər və düşünülmüş siyasət nəticəsində proses nəzarət altına alındı. Əgər bu addımlar vaxtında atılmasaydı, düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim sərtləşdirilməsəydi, bu gün xəstələrin sayı min yox, bəlkə 10 min, 20 min ola bilərdi.
Bu kontekstdə hökumətə verilən tapşırıqlardan bəhs edən Prezident İlham Əliyev bildirdi ki, dövrə müvafiq olaraq dövlət xərclərinə yenidən baxılır, büdcəyə qənaət edilir, cari xərclər süni şəkildə şişirdilməsin deyə şəffaflığın təmin edilməsi prosesi həyata keçirilir, hökumət əlavə gəlir mənbələri tapmaq üçün fəaliyyətini davam etdirir.
İndiki həssas məqamda xalq maliyyə, qida, ərzaq problemi ilə üzləşməsin deyə Cənab Prezident İlham Əliyev makroiqtisadi sabitliyin təmin edilməsi üçün pandemiya çərçivəsində işini itirən 600 min nəfərə dövlət dəstəyini reallaşdırıb, işsizlər qeydiyyata alınır, ünvanlı sosial yardım alanların sayı 70 min nəfəri ötüb".
T.Cəfərova onu da bildirdi ki, Prezident İlham Əliyevin müşavirədə islahatlar məsələsinə toxunması növbəti dəfə cəmiyyətin gözləntisinin ifadəsidir:
“Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük bir hissəsi icra edilmişdi. Ondan sonra biz islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır – həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Pandemiya bir daha onu göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır. Hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”,- deyə Prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev bundan sonra da sturktur islahatlarının aparılacağını, bütün hakimiyyət qollarında yenilənmənin idarəetməyə böyük töhvə verdiyini, bütün bunların idarəetmədə təkmil nəticə ortaya qoyduğunu bildirdi.
Ölkə rəhbəri bütün addımların xalqın mənafeyi üçün atıldığını, amma təəssüf ki, bəzi şəxslərin və qrupların dövlətçilik təfəkkürünə yaraşmayan hərəkətlərinə də münasibət bildirməsi çox vacib nüans idi. Çünki hakimiyyət tərəfindən siyasi dialoq başladılıb, Azərbaycan parlament tarixində ilk dəfədir ki, müxalif cameə təmsilçisi qurumun rəhbərliyində yer alır, amma siyasi dialoqdan, əməkdaşlıqdan imtina edənlər isə heç də uzaq olmayan 90-cı illərin dumanlığına baxa bilərlər. Dövlətə xəyanət, torpaqların işğalı, vətəndaş müharibəsi bu siyasi yox, düşərgə təmsilçilərinin hakimiyyətdə olduğu dövrün təzahürləri idi. Bu qruplaşma ölkədə xaos, anarxiya, korrupsiya yaratmışdı".
Millət vəkili qeyd etdi ki, ölkə başçısı vacib strategiyaları açıqlayaraq, növbəti illərdə Azərbaycanın inkişaf istiqamətləri, prioritetləri, xalqın rifahının yüksəldilməsi, innovativ idarəetmə sahələrində hədəf bəlli etdi:
“Ölkə başçısı sosial, iqtisadi, maliyyə, makroiqtisadi sabitlik, təhlükəsizlik və digər vacib məsələlərin daha rentabelli, sistemli, nəticəyəyönəlik olması barədə “yol xəritəsi”nin trayektoriyasını, bir sözlə, dövlət siyasətinin strategiyasını açıqlamış oldu”.