Bakı. Trend:
Son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumatda deyilir: "Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.
Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.
Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.
Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq".