Bakı. Samir Əli - Trend:
Azərbaycan Ordusu ilə Ali Baş Komandan vəhdəti, bu vəhdəti daha möhtəşəm edən xalq-hakimiyyət birliyi 44 gündə əldə edilən qələbəmizin əsas mahiyyətini, təməlini təşkil etdi.
Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, ən əsas məqam isə hərbi əməliyyatların aparılmasında bilavasitə Prezident İlham Əliyevin şəxsən özünün nəzarət etməsi ilə bağlıdır: “Bu reallıq ilk əvvəl onu göstərir ki, dövlət başçımız yalnız diplomatiya sahəsində deyil, eləcə də hərbi sahədə mühüm biliklərə malik olan strateqdir. Təsəvvürünüzə gətirin, azad edilən torpaqlarımızın hər birində aparılan əməliyyatlarda xəritələrin müəyyən edilməsində, hücum, yaxud əks-hücum planlarının tərtibində, ordu birləşmələrimizin hərəkət trayektoriyalarının işlənilib-hazırlanmasında son sözü Ali Baş Komandan olaraq cənab İlham Əliyev deyib. O cümlədən, qeyd edilənlərlə yanaşı, dövlətimizin başçısı informasiya müharibəsində də öncüllük etdi, dünyanın ən nüfuzlu media qurumlarına apardığımız ədalətli, haqlı mübarizəmizin köklü səbəblərini, mahiyyətini izah etdi. Əlbəttə, bu kimi faktorların reallaşdırılması çox böyük, ağır, hətta deyərdim ki, nəhəng zəhmət tələb edir, xalqının lideri olaraq dövlətimizin başçısı bütün bu ağırlıqları öz çiynində daşıdı və qalib Lider, zəfər Sərkərdəsi olaraq milli-dövlətçilik tariximizə yazıldı, eyni zamanda dünyanın hərbi-siyasi arenasında bu adı qazandı”.
“Mən daha bir fərqi diqqətə çatdırmaq istərdim” deyən baş redaktor birinci Qarabağ müharibəsi ilə Vətən müharibəsi kimi tariximizə düşən ikinci Qarabağ müharibəsinin fərqinə də toxunub, onun siyasi və hərbi təzadları barədə danışıb: “Bildiyimiz kimi, sovetlər dönəminin ən ağrılı yarası kimi bizlərə qalan Qarabağ problemi və bu problemdən doğan qanlı-qadalı olaylar, hadisələr o dövrün naşı hakimiyyətlərin də zərbələrinə məruz qaldı. Əgər bu gün biz işğaldan azad edilmiş torpaqlarımızda qələbə sevincini yaşayırıqsa, həmin torpaqların işğala məruz qalmasının səbəbkarlarını da unutmamalıyıq. Məhz AXCP-Müsavat cütlüyünün iqtidarı dövründə torpaqlarımız demək olar ki, ard-arda düşmənə təhvil verildi, minlərlə şəhidimiz, qaçqın və köçkünlərimiz yurd-yuvalarından aralı düşdülər, məşəqqətlər çəkdilər. Bu gün təəssüf ki, həmin satqınlar, hakimiyyət hərisləri məhz şəhidlərimizin canları, qanları ilə azad edilən torpaqlarımız ətrafında siyai şoular göstərir, həmin vasitə ilə öz ənənələrinə sadiq qalaraq, erməni maraqlarına xidmət edirlər. Azərbaycan xalqının və dövlətinin mütəşəkkilliyini həzm edə bilməyən bu qruplar hətta ümummilli faktorları ayaq altına atırlar ki, bu da xalqda hiddət yaradır, onların ifşasına səbəb olur. Birinci Qarabağ müharibəsində köhnə sovet texnikalarının, yararsız silahların, mövcud olmayan texniki təchizatın tələb edilən normalara cavab verməməsi, əsgərlərimizin, zabitlərimizin hərb texnologiyasını bilməməsi və s. məsələlər də həmin müharibədə böyük itkilərə gətirib-çıxardı.
Yalnız Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı, sonradan isə Onun siyasətinin cənab İlham Əliyev tərəfindən davamı nəticəsində ordumuz gücləndi, qüdrətləndi və həmin amil qələbəmizlə nəticəsini tapmış oldu. Üstəlik, hərbi texnologiyamızın, hərb bilgimizin, silahlarımızın ən müasir standartlara cavab verməsi, bu gün dünyanın ən aparıcı ordu birləşmələrinin Azərbaycanın apardığı müharibədən örnəklər götürməsi də artıq özü-özülüyündə hər şeyi ortaya qoymaqdadır. Bu kimi həqiqətlər isə Azərbaycanı sevməyən xarici qüvvələrlə yanaşı, həmin qüvvələrin pişvazlarında qulluq göstərən, nökərçilik edən üsnürləri təlaşlandırır, narahat edir. Belələri yaxşı bilirlər ki, əldə edilən qələbəmizlə siyasi karyeralarına son qoyuldu, gələcəkləri isə böyük sual altında qalıb. Çünki xalq onları əvvəllər də rədd etdiyi kimi, bu gün də rədd edir. Xalq öz milli Liderinin yanında sıx birləşib, Onun ətrafında mütəşəkkilliyini inkişaf etdirir. Bu baxımdan, onu da hesab edirəm ki, bizi yaxın gələcəkdə yalnız hərbi sahədə deyil, digər sahələrdə daha böyük zələbələr və zəfərlər gözləyir. Bax, bu gün formalaşmış gerçəklik də bu tendensiyanı özündə kifayət qədər ehtiva etməkdədir”.