Bakı. Trend:
“Ulu öndər yenidən Azərbaycanı idarə etməyə başlayandan sonra firavanlığın, əmin-amanlığın əsası qoyuldu. Artıq xalqımız üçün ağır günlər keçmişdə qalmışdı. Qısa müddət ərzində dövlətçilik ənənələrimiz bərpa olundu, sabitlik təmin edildi, xalqımızın şad, xürrəm gələcəyi üçün yollar açıldı. Bu, Azərbaycan xalqının müdrikliyi idi, çünki seçimində yanılmamışdı, onun taleyində dərin iz qoymuş dahiləri heç vaxt unutmur. Xalqımız “Heydər-Xalq, Xalq-Heydər” şüarı ilə taleyini ona tapşırmışdı. Artıq düşmənlərimiz anlamağa başlamışdı ki, Azərbaycana qarşı mənfur planları alt-üst olub. Çünki hələ sovet dönəmindən məlum idi ki, Heydər Əliyev onların Azərbaycanla bağlı çirkin əməllərinin qarşısında bir sipərdir. Dəfələrlə cəhd etmişdilər ki, Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirsinlər, amma ulu öndərin qətiyyətli tədbirləri sayəsində bütün planları puç olmuşdu. O, Yuxarı Qarabağla Aran Qarabağı arasında təsərrüfat və iqtisadi bağları təmin etmişdi, Ağdam-Xankəndi dəmir yolunu çəkdirdi, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xankəndində Pedaqoji İnstitut açıldı, Qarabağda genişmiqyaslı quruculuq işləri aparıldı, yeni yaşayış binaları tikildi, mədəniyyət abidələrimiz bərpa edildi. Ən vacibi isə Şuşa şəhərinin əhəmiyyətini artırdı, Azərbaycanın mədəniyyət mərkəzi olduğunu gördüyü əməli işlərlə sübut etdi. Şuşada doğulub-böyümüş, yaşayıb-yaratmış mədəniyyət və incəsənət xadimlərinə, şəhərin həyatında önəmli rol oynamış şəxslərə abidə qoyuldu, məqbərə tikildi, dahi şairimiz və dövlət xadimi Molla Pənah Vaqifin poeziya günləri keçirildi. Şuşa ulu öndərin diqqət və qayğısı sayəsində, özünün də dediyi kimi, Azərbaycanın görən gözünə, döyünən qəlbinə, mədəniyyətimizin və tariximizin rəmzinə çevrildi. Məhz ulu öndərin xalqımızın qəlbində qurub-yaratdığı Şuşa sevgisi bizi yenidən oraya qaytardı. Biz Şuşaya qan tökərək, şəhidlər verərək qaytdıq, qəhrəman oğullarımız ölümdən belə qorxmadan qayalardan dırmanaraq sözün hər bir mənasında o əzəmətli zirvəyə yüksəldilər. Azərbaycan Ordusu müharibənin əlbəyaxa döyüş növünü məhz Şuşada tətbiq etdi. Şuşa əməliyyatı elə həyata keçirildi ki, heç bir tarixi abidəyə, maddi-mədəniyyət nümunələrinə ziyan dəymədi. Budur xalqımızın Şuşa sevgisi”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Ali Baş Komandan Şuşanın azad olunması ilə bağlı xalqa müraciət edərkən “Əziz Şuşa biz səni dirçəldəcəyik” dedi. Vandallar tərəfindən bütün mədəniyyət abidələri və infrastrukturu dağıdılmış, təbii sərvətləri talan edilmiş Şuşa öz milli ənənəsinə sadiq qalaraq artıq bu gün böyük mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Şəhərin əvvəlki şöhrəti və əzəməti özünə qaytarılır. 30 il ərzində böyük ürək ağrısı ilə dinləyib hər notunda kövrəldiyimiz “Qarabağ” şikəstəsinin, “Bayatı-Şiraz”ın sədaları şəhərin bütün dağlarını, daşlarını, qayalarını öz ağuşuna alır, Cıdır düzü at oynadan igidlərini yenidən salamlayır, İsa bulağı illərlə həsrətdən ürəkləri yanan əsl sakinlərinin qəlblərini sərinlədir”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, Molla Pənah Vaqifin məqbərəsinin bərpadan sonra açılışı, Vaqif Poeziya Günlərinin keçirilməsi nəinki şəhərin, həmçinin ölkə həyatında əlamətdar bir hadisədir: “Keçirilən tədbirlərdə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etməsi, həmçinin ölkənin elm adamlarının, ziyalılarının, incəsənət xadimlərinin, tanınmış şəxsələrinin mərasimə qatılması tədbirin əhəmiyyətindən xəbər verir. Bu gün Şuşa şəhərinin bərpa olunmasında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var. Molla Pənah Vaqifin məqbərəsinin bərpası, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa, həmçinin Saatlı məscidlərinin təmiri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. İnanırıq ki, Şuşa dünyaya təqdim edə biləcəyimizdən də gözəl şəhər olacaq, sakinlərin və turistlərin könülünü oxşayacaq, şəhərin təbiətindən, təbii gözəlliklərindən tutmuş tarixi-mədəni abidələrinə qədər hamısından zövq alacaqlar. Şəhərdə turistlərin gəlişinə də hazırlıqlar yüksək səviyyədə davam etdirilir. Artıq “Qarabağ” və “Xarıbülbül” hotelləri fəaliyyət göstərir, yeni beşulduzlu hotelin də inşası nəzərdə tutulub. İnanırıq ki, Şuşaya gələn qonaqlar yenidən qayıtmaq arzusu ilə oranı xoş təəssüratlarla tərk edəcəklər”.