...

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dostluğunu daha da möhkəmləndirəcək - Sevil Mikayılova

Siyasət Materials 12 Fevral 2022 15:13 (UTC +04:00)
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dostluğunu daha da möhkəmləndirəcək - Sevil Mikayılova

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunun imzalanması çox mühüm hadisədir. Əminik ki, bu sənəd iki böyük xalqın sarsılmaz dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, ötən il iyunun 15-də mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu Bəyannamə Azərbaycanın gələcəyə, inkişafa hədəflənmiş uğurlu strategiyasının göstəricisidir.

"Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənədin tarixi çəkisini qeyd etməklə bərabər, söyləmək istərdim ki, bu Bəyannamə ərazi bütövlüyümüzün əbədiliyi, əzəli torpaqlarımıza qayıdışımızın qüruru, xalqımızın bundan sonra təhlükəsiz və məsud yaşayışının təminatıdır", - deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədiliyini göstərməklə yanaşı, iki dövlət arasında əməkdaşlığın daha üst səviyyədə və çoxşaxəli həyata keçirilməsinə imkan verir.

"Ölkələrimiz regional və beynəlxalq miqyasda sabitlik və rifah yaratmaqla sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərməklə bağlı niyyətlərini bəyan ediblər. Eyni zamanda, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam etmək əzmində olduqlarını bildiriblər", - deyə S.Mikayılova qeyd edib.

Millət vəkili vurğulayb ki, bundan əlavə, dövlətlərimiz kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.

"Bu baxımdan bu sənədin tarixi, siyasi, regional əhəmiyyəti miqyaslıdır, Azərbaycan və Türkiyə xalqlarının gələcək rifahı, təhlükəsiz həyatı üçün töhfədir, təminatdır", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti