Bakı. Trend:
Azərbaycan Prezidentinin 48-ci beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakı cənab İlham Əliyevin dünyada nüfuzlu və güclü siyasi lider kimi qəbul olunduğunu bir daha təsdiq edir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qiymətləndirilməsini şərtləndirən başlıca amildir.
Soltan Məmmədov bildirib ki, 60 ilə yaxın tarixə malik “The European House – Ambrosetti” İtaliyada ən nüfuzlu beyin mərkəzlərindən biri kimi qəbul edilir. Təşkilatın Avropa, o cümlədən, İtaliya şirkətləri üçün xüsusi əhəmiyyətə malik məsələlərin müzakirəsi, ideya və təkliflərin öyrənilməsi məqsədilə keçirdiyi bu forum qlobal miqyasda iqtisadi tərəfdaşlıq əlaqələrinin qurulmasına da mühüm töhfələr verir: “Azərbaycan Prezidenti bu mötəbər tədbirdə İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə iştirak edib. Bu bir tərəfdən İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu təsdiq edir, digər tərəfdən, ölkəmizin qlobal əhəmiyyətli mövzuların müzakirəsinə cəlb olunması dövlətimizin beynəlxalq münasibətlər sistemində, eyni zamanda, regional miqyasda vacib tərəfdaşlardan biri kimi dəyərləndirildiyini göstərir”.
Millət vəkili vurğulayıb ki, son illərdə regional və qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər, yeni dünya nizamının formalaşdırılması cəhdləri fonunda yürüdülən düzgün siyasət Azərbaycana olan etimadın daha da güclənməsinə səbəb olub: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, iqtisadi rifahın təmin olunmasına xidmət edən təşəbbüslərlə çıxış edir. Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verir. Regionla bilavasitə bağlılığı olan qlobal əhəmiyyətli iqtisadi layihələrdə fəal rol alır. Bütün bunlarla paralel olaraq ölkənin iqtisadiyyatı güclənir, hərbi və siyasi imkanları genişlənir. Təbii ki, qeyd olunan amillər nəticə etibarilə Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna da müsbət təsir göstərir”.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, şəxsi nüfuzu ölkənin milli maraqlarının daha etibarlı şəkildə müdafiə etməyə imkan yaradan mühüm amillərdir. Millət vəkili vurğulayıb ki, məhz Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycana yalnız böyük şirkətlərin, ayrı-ayrı dövlətlərin deyil, həm də nüfuzlu beyin mərkəzlərinin marağı artır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, regionda təhlükəsizlik formatının tamamilə dəyişməsi bu marağın artmasında ciddi rol oynayır.