Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, cari ilin hazırlıq planına uyğun olaraq
“Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi
keçirilib.
Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin
müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuların
peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin
artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu
müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar
arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem
vurulub.
Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, şəxsi heyət
təntənəli marşla tribuna önündən keçib.