...

Makronun “qoruyucu siyasəti” və ermənilərə satılan fransız maraqları

Siyasət Materials 13 Dekabr 2022 09:24 (UTC +04:00)
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın digər ölkələrində olduğu kimi, Fransada da enerji böhranı dərinləşməkdədir. Artıq rəsmi Paris ölkədə enerjiyə qənaətlə bağlı müxtəlif qadağaların tətbiqinə başlayıb;

- Noyabr ayından Parisdə iş gününün sonunda ofis və mağazaların işıqları söndürülür. Bu barədə Paris Bələdiyyəsi qərar qəbul edib. Fransada yerli və regional radiostansiyalar şəbəkəsi olan “France Bleu” tələblərə əməl etməyən müəssisələrin 750-1500 avro arasında cərimələnəcəyini açıqlayıb;

- Dekabrın 1-dən saat 23.45-dən səhər saat 06.00-a kimi bələdiyyənin nəzarətində olan işıqlandırılmış reklam lövhələri söndürülür;

- İş yerlərində kondisionerlər ən aşağı 26 dərəcədə, qızdırıcılar isə ölkə səviyyəsində ən yüksək 19 dərəcədə işləməlidir;

- Parisdə ictimai binalarda temperatur mərhələli şəkildə 19 dərəcədən 18 dərəcəyə endirilir;

- Paytaxtın hovuzlarında temperatur bir dərəcə aşağı salınır;

- Parisin ən böyük ticarət mərkəzlərindən biri olan “Printemps Haussmann”ın işıqları söndürülür;

- Ölkənin rəsmi dəmir yolu şirkəti SNCF elektrik enerjisinin verilişində ciddi fasilə yaranacağı təqdirdə qatarların sayının azaldılmasını nəzərdən keçirir;

- Əhaliyə verilən elektrik enerjisində kəsintilərin tez-tez baş verəcəyinə dair xəbərdarlıq edilib;

- Şaxtalı günlərdə məktəblərin işləməyəcəyi elan olunub.

Ümumilikdə, Fransa hakimiyyəti “Enerjiyə qənaət planı” çərçivəsində bu il enerji istehlakını keçən illə müqayisədə 10 faiz azaltmağı planlaşdırır.

Fransa prezidenti Emmanuel Makronun 2023-cü ildə 18-25 yaşlı gənclər üçün qoruyucuların (prezervativ) pulsuz olacağını açıqlamasını da enerji böhranı ilə bağlı qərarları sırasına aid edə bilərik. Çox ehtimal ki, Makron qiyməti 50 sent (85 qəpik) olan qoruyucuları gənclərə pulsuz paylamaqla ölkədə sürətlə artan enerji daşıyıcılarının qiymətini kompensasiya etməyi düşünür. Sanki Makron fransız xalqının başını belə primitiv addımlarla aldatmağa çalışır və onları yavaş-yaşaş enerji böhranına öyrədir.

Görünür, Markon fransızların soyuqdan donmasına göz yumsa da, hakimiyyətdə qalmasında birbaşa rol oynayan erməni lobbisinin maraqlarını təmin etməyə davam edir. Məsələn, ölkədə ermənilər üçün keçirilən dəstək kampaniyaları müxtəlif formada genişləndirilir. Bu işdə həm Fransa vətəndaşı olan ermənilərdən, həm də dövlət büdcəsindən gen-bol istifadə olunur. Fransa ermənilərinin və dövlət büdcəsindən ayrılan vəsaitlərin köməkliyi ilə “Ermənistan, hər ay” adlı yardım kampaniyası keçirilir. Məlumata görə, əsas hədəf 72 milyon avro məbləğində pul yığmaqdır.

Artıq 2022-ci ilin 17-20 noyabr tarixlərində 1.64 milyon avro toplanaraq Ermənistana göndərilib. Bu vəsaitin ənənəvi “Phonethon 2022” çərçivəsində toplandığı bildirilir.

Ermənistan üçün bütün yardımlar Fransa əhalisinə enerji böhranı ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda toplanılır. Göründüyü kimi, Makron xalqının maraqlarını, onların rahat yaşamaq hüququnu erməni lobbisinə qurban verir.

Bu məqamda, Makronun yaxınlarda Azərbaycanla bağlı verdiyi müsahibədə dediyi fikri xatırlayaq. Makron demişdi ki, Fransa dəyərlərini neftə və qaza satmır. Bəs, neftə və qaza satılmayan Fransa dəyərləri lobbi maraqlarına necə satılır? Bu sualın cavabını fransızlar tapmalıdır. Çünki Makronun prezident olmasına onlar şərait yaradıb.

Yalnız onu deyə bilərik ki, fransızlar ən qısa zamanda başda Makronun yeni “prezervativ siyasəti” olmaqla, atılan digər addımların ölkənin enerji təhlükəsizliyinə nə qədər töhfə verəcəyinə şahidlik edəcək.

Bəlkə, Fransada enerji böhranı o qədər dərinləşəcək ki, Makron çıxış yolu kimi Azərbaycana üz tutacaq və Xəzər qazından almaq istəyəcək. Onda bir daha görəcəyik ki, Markon Fransanın dəyərlərini lobbi maraqlarına satdığı kimi, neftə və qaza görə də sata bilirmiş.

Xəbər lenti

Xəbər lenti