...

Azərbaycan enerjiyə ehtiyacı olan Avropaya “yaşıl enerji” gətirir

Siyasət Materials 18 Dekabr 2022 17:44 (UTC +04:00)
Azərbaycan enerjiyə ehtiyacı olan Avropaya “yaşıl enerji” gətirir

Bakı. Trend:

Dekabrın 17-də Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində dövlət başçısı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində iştirak etdi.

Bu sazişin imzalanması ilə enerjiyə tələbatı artan Avropa üçün Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilir. Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşı rolundadır.

Trend imzalanmış tarixi sazişlə bağlı rumıniyalı ekspert və rəsmi şəxslərin şərhlərini təqdim edir.

Rumıniya Baş nazirinin xarici siyasət, təhlükəsizlik, strateji məsələlər üzrə müşaviri Yulian Kifu bildirib ki, imzalanan saziş son dərəcə aktualdır. Çünki o, ehtiyacı olan, xüsusilə inkişaf üçün enerjiyə tələbatı artan bir regiona, Avropaya “yaşıl enerji” gətirir. Üstəlik, enerji kabelinin tikintisi Rumıniyanın Qara dəniz sahilində yerləşən Dobrogea bölgəsində enerji sisteminin yenidən balanslaşdırılması üçün son dərəcə vacibdir. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə neft və qaz sahəsində çox mühüm əməkdaşlığımız var. Lakin artıq “yaşıl enerji” gəlir və bu, Azərbaycanın Avropaya gətirdiyi enerji məhsullarının toplusunu tamamlayır.

“Gələcəkdə təmiz enerjiyə və havaya buraxılan karbon tullantılarının azaldılmasına artan maraq öz təklifini şaxələndirə və gücləndirə bilən Azərbaycan üçün daha mühüm imkan yaradacaq. Burada Aİ dövlətləri və bütövlükdə Avropa İttifaqı ilə böyük əməkdaşlıq vacibdir. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə də müsbət təsir göstərəcək. Bizim əməkdaşlığımızın möhkəm əsasları var. Azərbaycanın Rumıniyada enerji istehsalı sahəsinə, həmçinin enerji tutumlu və çox tələb olunan bəzi sənaye sahələrinə investisiya yatırması onun ölkəmizdəki nüfuzundan xəbər verir. Bu saziş Azərbaycanın Rumıniyanın strateji tərəfdaşı kimi aktuallığını artırır”, - deyə müşavir bildirib.

Rumıniyanın 2012-2015-ci illərdə sabiq Baş naziri, “Pro Romania” partiyasının sədri Viktor Ponta isə qeyd edib ki, Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” həm Rumıniya, həm də bütün Şərqi Avropa üçün çox vacibdir:

“Rumıniyanın Baş naziri olduğum müddətdə Azərbaycan və Gürcüstanla siyasi və iqtisadi əməkdaşlığı yüksək qiymətləndirdim və inkişaf etdirdim. Hazırda Azərbaycan və Gürcüstanın bu enerji layihəsində Rumıniya və Macarıstanla əməkdaşlıq etməsi Ukrayna müharibəsi və Avropadakı enerji böhranı kontekstində müsbət strateji qərar, əməkdaşlıq və dostluq mesajıdır”, - deyə o vurğulayıb.

O qeyd edib ki, Azərbaycan bu çətin dövrdə Avropa üçün ciddi, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi özünü sübut edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi indi çox vacibdir. Avropa Azərbaycanın bu anda və gələcəkdə sahib olduğu bu çox mühüm rolu qəbul etməlidir.

“Rumıniya Qara dəniz hövzəsində onun dostları olan Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan ilə iqtisadi və siyasi əlaqələri gələcəkdə daha çox inkişaf etdirməlidir. Bu uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini dərinləşdirmək ölkələrimizin ümumi maraqlarına uyğundur”, - deyə o vurğulayıb.

Rumıniyanın enerji sahəsində nüfuzlu eksperti, “Economica.net” və “E-nergia.ro” xəbər portallarının əməkdaşı Mihai Nikuts isə əlavə edib ki, bölgənin elektrik enerjisi istehsalı baxımından sıxıntılarını nəzərə alsaq, Rumıniyada imzalanan Saziş enerji balansını tarazlaşdırmaq üçün bir şansdır. Həmçinin Şərqi Avropada istehsal edilən enerjinin böyük bir hissəsi fosil mənbələrdən gəlir və sonda istifadədən çıxarılmalı olacaq. Buna görə də, bərpaolunan mənbələrdən əldə edilən 1000 MVt gücündə elektrik enerjisinin axını bölgəyə və eyni zamanda, bütün Avropa İttifaqına (Aİ) bu sahədə hədəflərə daha asan çatmağa kömək edəcək.

Ekspert bildirib ki, Aİ-nin Rusiyadan qaz və neft məhsullarının idxalını dayandırmasını nəzərə alsaq, Azərbaycan Rumıniya və Avropa üçün zamanla daha çox əhəmiyyət kəsb edəcək: “Azərbaycan boru kəmərləri vasitəsilə artıq Avropaya qaz ixrac edən ölkədir və ümid edirik ki, TAP boru kəmərinin gücü iki dəfə artdıqdan sonra daha çox qaz ötürüləcək”.

Rumıniyanın sabiq energetika naziri, “Deloitte” şirkətinin baş icraçı məsləhətçisi, enerji sahəsində nüfuzlu ekspert Rızvan Nikolesku qeyd edib ki, Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bütün iştirakçı tərəflər üçün çox vacib bir sahədə əməkdaşlıq öhdəliyidir və bu layihənin həyata keçirilməsi zəruridir.

“Rumıniya istehsalçılar və istehlakçılar arasında təhlükəsiz tranzit marşrutudur. Mən Türkiyənin də bu layihədə iştirakını çox istərdim.

Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi kontekstində, xüsusilə təbii qaz sahəsində çox mühüm təchizatçısıdır. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə müsbət təsir göstərir. İki ölkə arasında əlaqələr çox yaxşıdır. Ümid edirəm ki, biz iki xalqın rifahı üçün mümkün qədər çox iş görəcəyik, beynəlxalq münasibətlərin gücə deyil, hüquqa və əməkdaşlığa əsaslanan konsepsiyasını birlikdə dəstəkləyəcəyik”, - deyə Rızvan Nikolesku vurğulayıb.

Rumıniyada nəşr olunan nüfuzlu “Geopolitika” jurnalının baş redaktoru, professor, siyasi analitik Vasile Simileanu idə əlavə edib ki, bu layihənin gerçəkləşdirilməsi Avropa İttifaqı üçün faydalı təsirləri olan, imzalayan dövlətlərin nüfuzunu artıracaq cəsarətli bir addımdır. Dörd dövlət bu layihə nəticəsində enerji müstəqilliyi qazanacaq, yeni iş yerlərinin yaradılmasına nail olacaq. Xüsusilə, enerji sahəsində ehtiyatları olmayan Macarıstan üçün layihənin əhəmiyyəti böyükdür.

“Azərbaycan öhdəliklərini yerinə yetirərək etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, ölkəniz enerji resursları, xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Buxarestin təşəbbüsü təhlükəsizliyimizi digər dövlətlərlə müqayisədə artıracaq. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada danılmaz faktdır.

Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti